...

Elmar Məmmədyarov: "Regionda yeni iqtisadi-siyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək"

Siyasət Materials 6 Yanvar 2006 13:50 (UTC +04:00)

Trend in Azərbaycanın xarici işlər naziri ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycanın 2005-ci ildə əldə etdiyi xarici siyasi uğurları necə qiymətləndirirsiniz və 2006-cı ilə hansı planlar vardır?

2005-ci ildə Azərbaycan Respublikasının Xarici Siyasət İdarəsi Azərbaycan vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi də daxil olmaqla ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində geniş və davamlı fəaliyyət həyata keçirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində diplomatik vasitələrlə nizamlanması ölkəmiz üçün prioritet məsələ olaraq qalmışdır. Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılması, qaçqın və məcburi köçkünlərin sülh və təhlükəsizlik şəraitində öz doğma torpaqlarına qayıtması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının dinc və yanaşı yaşaması, Azərbaycanın ümumi iqtisadi inkişafı və regional inteqrasiya prosesləri çərçivəsində regionda sosial - iqtisadi və kommunikasiya əlaqələrinin bərpasının yekununda Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində davamlı mövqeyimiz dəyişməz olaraq qalmışdır.
Ermənistan və Azərbaycan Prezidentləri səviyyəsində keçirilmiş iki görüş, həmçinin, hər iki ölkənin xarici işlər nazirlərinin mütəmadi görüşləri aparılmış danışıqların 2006-cı ildə davam etdirilməsinə imkanlar açır.
BMT Baş Assambleyasında Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətin baxılmasına dair Azərbaycan tərəfinin təşəbbüsü açıq dəstək qazanmış, münaqişəyə geniş beynəlxalq diqqət cəlb edilmişdir. İşğal edilmiş ərazilərə göndərilən ATƏT-in fakt araşdırıcı missiyası bu ərazilərdə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti yürütdüyünü ifşa etmişdir.
Missiya mükəmməl və faktlarla zəngin sənəd hazırlamışdır. O, bir daha sübut etdi ki, Azərbaycanın zəbt olunmuş ərazilərinə keçmişdə orada heç vaxt yaşamayan əhali köçürülür. Hesabatda göstərilən informasiya Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlarla demək olar ki, üst-üstə düşmüşdür. Missiyanın hesabatında zəbt olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri əks etdirən ətraflı məlumat da öz əksini tapmışdır.
2005-ci il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası mövqeyinin müəyyənləşdirilməsi istiqamətində vacib olmuşdur. Münaqişə üzrə AŞPA məruzəçisinin fəaliyyətinin nəticəsinə PA-nın yanvar sessiyasında baxılması nəticəsində müvafiq qətnamə qəbul edilmişdir ki, bunlar da özündə Avropa parlamentarilərinin məsələyə münasibətdə prinsipial qənaətlərini birləşdirir. Belə ki, bu sənəddə Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdə etnik təmizləmənin aparılması, həmçinin, BMT TŞ-nin məsələ ilə bağlı müvafiq Qətnamələrinin həyata keçirilməsi tələbi, xüsusilə də işğalçı qoşunların çıxarılması, Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin pozulması haqqında birmənalı bəyanatlar öz əksini tapmışdır.
Ümumiyyətlə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərimiz davam edir. 2006-cı ildə Ermənistan və Azərbaycan Prezidentləri səviyyəsində müzakirələrin davam etdirilməsi planlaşdırılır. Ümidvaram ki, bu müzakirələr öz müsbət nəticələrini büruzə verəcək və sülh prosesi müzakirələr mərhələsindən konkret qərarların qəbulu mərhələsinə qədəm qoyacaq. 2006-cı ildə reallaşacaq bir sıra iri miqyaslı nəqliyyat və enerji layihələri ölkəmizi iqtisadi cəhətdən daha da qüdrətləndirəcək. Beləliklə, regionumuzda formalaşacaq yeni iqtisadi siyasi vəziyyət münaqişənin həllinə müsbət təsir göstərəcək.
Azərbaycan beynəlxalq birliyə inteqrasiyasına davam edir, həyatın bütün sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdırır. Ötən il ölkəmiz beynəlxalq terrorçuluğa qarşı mübarizədə fəal iştirak etmişdir. Azərbaycanın NATO ilə tərəfdaşlığa dair fərdi əməliyyat planı uğurla yerinə yetirilir. Onun ilkin dəyərləndirilməsi artıq keçirilmişdir.
2005-ci ildə ölkəmizin xarici siyasəti. həmçinin. BMT, İKT, QDİƏT, GUAM və digər beynəlxalq və regional təşkilatlar çərçivəsindəki əməkdaşlıq vasitəsilə də uğurla həyata keçirilmişdir.
2006-cı il üçün xarici siyasət planlarına gəldikdə isə qeyd etmək lazımdır ki, belə planlar ölkəmizdə iri miqyaslı iqtisadi - enerji və nəqliyyat layihələrinin (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Axalkalaki-Qars) siyasi təminatı, bir sıra iqtisadi, siyasi və demokratik islahatların reallaşması ilə regionda formalaşmış liderlik mövqeyimizin möhkəmləndirilməsi, bu və digər prioritetlər üzrə işimizin davam etdirilməsi üçün nəzərdə tutulmuşdur.

- 2006-cı ildə Ermənistan-Azərbaycan münaqişəsinin nizamma salınmasında irəliləyişin əldə olunması mümkünlüyü ilə bağlı fikriniz necədir? Siz bu prosesdə vasitəçilərin rolunu necə qiymətləndirirsiniz?

Hesab edirəm ki, 2006-cı ildə Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişin əldə edilməsi mümkünlüyü ilə bağlı fikirlərimi artıq bundan öncəki suala cavabımda sizinlə bölüşmüşəm. Iasitəçilərin roluna gəldikdə, ümid edirəm ki, Minsk Qrupu çərçivəsində davam edən proses və həmsədrlərin və digər üzv-ölkələrinin səyləri nəticəsində biz münaqişənin həll edilməsinə dair fəaliyyətimizdə uğurlar əldə edə bilərik.

- Sizin fikrinizcə, Azərbaycanın Avropa Birlyi ilə əməkdaşlığının genişləndirilməsinin hansı perspektivləri mövcuddur? Azərbaycanın Avropaya inteqrasiyası, xüsusilə "Avropa Qonşuluq Siyasəti" təşəbbüsünün reallaşdırılması ilə bağlı Dövlət Komissiyası tərəfindən hansı işlər həyata keçirilir?

1999-cu ildə imzalanmış və Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hüquqi əsası rolunu oynayan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən sonra inkişaf etmiş əlaqələrimiz Azərbaycanın 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə daxil edilməsi ilə yeni mərhələyə daxil olmuşdur. Avropa Qonşuluq Siyasəti Azərbaycan üçün Avropa İttifaqı ölkələri ilə siyasi dialoqu və əməkdaşlığı gücləndirməyə, Avropa bazarına daxil olmağa, ölkəyə yeni maliyyə mənbələri vasitəsilə investisiyalar cəlb etməyə və Avropaya inteqrasiyanı sürətləndirməyə böyük imkanlar yaradır.
Avropa Komissiyasının Avropa İttifaqı Şurasına Azərbaycanla münasibətləri daha da intensivləşdirməyə çağıran tövsiyəsi əsasında, Avropa İttifaqının Nazirlər Şurası Azərbaycanla Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını tərtib etmək qərarı vermişdir. Artıq 2005-ci il dekabr ayının ortalarında AQS FP-üzrə müzakirələrin rəsmi açılışı olmuşdur. Bu məqsədlə Bakıya gəlmiş 14 nəfərlik ekspert qrupu ilə siyasi, iqtisadi, infrastruktur və energetika da daxil olmaqla 3 qrup məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Müzakirələrin növbəti raundunun 2006-cı ilin fevralında Brüsseldə keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində əsas prioritetlər kimi çıxış edən təhlükəsizlik və iqtisadi inteqrasiyanın gücləndirilməsi və regional enerji və nəqliyyat layihələrində iştirak ölkəmizlə Avropa arasında siyasi, iqtisadi və mədəni dialoqun daha da intensivləşməsini təmin edəcək, daha geniş əməkdaşlıq imkanları yaradacaqdır. Bu isə öz növbəsində vahid təhlükəsizlik, eləcə də, iqtisadi, nəqliyyat, siyasi, hüquqi və mədəni məkana daha dolğun inteqrasiya kimi perspektivlər vəd edir.

- Regionda sülhməramlı qüvvələrin mümkün yerləşdirilməsi məsələsi ilə bağlı Bakının mövqeyi necədir və Azərbaycan üçün hansı mandat məqbuldur?

Regionumuzda sülhməramlı qüvvələrin yerləşdirilməsi sülh prosesi çərçivəsində aparılan müzakirələrin komponentlərindən biridir. Lakin ölkəmiz bu məsələyə işğal edilmiş ərazilərin boşaldılması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və sülh prosesi çərçivəsində müzakirə olunan bir sıra digər komponentlərin reallaşmasından ayrılıqda yanaşmır. Bu, kompleks məsələdir. Sizi maraqlandıran məsələyə ATƏT-in 1994-cü ildə keçirilmiş Budapeşt sammitində də kifayət qədər diqqət yetirilmişdir.

- Sizin fikrinizcə, GUAM-ın hərtərəfli beynəlxalq təşkilata transformasiyası perspektivləri necədir? Bu, Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsində nə köməklik edə bilər?

Bildiyiniz kimi, GUAM oxşar iqtisadi, ictimai - siyasi sistem və demokratik proseslərə malik, eyni təhlükə və çağırışlarla üzləşən ölkələri özündə birləşdirən regional təşkilatdır. Bu ölkələri həm də Avropa və Avro-Atlantik inteqrasiya prosesləri birləşdirir. Bir çox illər ərzində ölkələrimiz bu prosesləri əsas tutmuş və inteqrasiyaya doğru uğurla irəliləmişdir.
İqtisadi və demokratik islahatların aparıldığı, azad bazar prinsiplərinin bərqərar olduğu, iqtisadi əməkdaşlığın genişləndiyi bir məkanda bərqərar olan GUAM kommunikasiya, nəqliyyat məsələlərində çox səmərəli əməkdaşlığın bariz nümunəsidir. Ümidvaram ki, bütün bunlar gələcək inteqrasiya və beləliklə də daha geniş və nüfuzlu bir təşkilata transformasiya olunma yolunda böyük imkanlar yaradacaqdır.

- Ermənistan tərəfi dəfələrlə Avropa Birliyinin Qars-Axalkalaki dəmir yolunun inşası məsələsi ilə bağlı mənfi mövqedə olduğunu bəyan edib. Beynəlxalq strukturlar bu layihə ilə bağlı hansı mövqedədir və o, hansı müddətə reallaşdırılacaq?

15 ildən artıqdır ki, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti davam edir. Bununla da Ermənistan özü-özünü regionumuzda reallaşan bir sıra iri miqyaslı enerji və nəqliyyat layihələrindən təcrid vəziyyətinə salmışdır. Artıq Ermənistan iqtisadi tənəzzülə doğru getdiyini anlayır və iqtisadi təcriddən çıxmaq üçün münaqişənin həllinə yönəlmiş səyləri artırmaq əvəzinə, regional cəhətdən əlverişli olan belə layihələrə süni maneələr quraraq özünün səbəbkarı olduğu təcriddən çıxmağa çalışır. O ki, qaldı beynəlxalq strukturların mövqeyinə, Qars-Axalkalaki -Bakı dəmir yolu layihəsinin iqtisadi cəhətdən səmərəliliyi və qazandığı müsbət siyasi dəstək beynəlxalq strukturlar tərəfindən öz təsdiqini tapmışdır. Layihənin texniki-iqtisadi əsaslandırmasını Türkiyə tərəfi öz üzərinə götürmüşdür. Bu ilin fevral ayında Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu idarələri rəhbərlərinin iştirakı ilə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu marşrutunun gerçəkləşdirilməsi layihəsi çərçivəsində görüş keçiriləcəkdir.

- Hansı ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinin açılması, belə nümayəndəliklərin artıq mövcud olduğu ölkələrdə isə bu istiqamətdə işlərin gücləndirilməsi zərurəti mövcuddur?

Ölkəmizdə yeni diplomatik nümayəndəliklərin açılması ilə bağlı yürüdülən siyasət daha geniş coğrafi məkanda təmsilçilik prinsipinə əsaslanır. Hesab edirəm ki, getdikcə iqtisadi cəhətdən qüdrətlənən ölkəmizin yeni diplomatik nümayəndəliklərinin açılması və beləliklə də daha geniş məkanda təmsil olunması məsələləri tezliklə öz həllini tapacaqdır. Hal-hazırda yeni diplomatik nümayəndəliklərin açılması ilə bağlı Milli Məclisdə qəbul edilmiş qərarların həyata keçirilməsi ilə əlaqədar texniki, maliyyə və kadr məsələləri üzərində iş aparılır.

Xəbər lenti

Xəbər lenti