...

Hər il Azərbaycan Silahlı Qüvvələrinin 300-dən artıq zabiti NATO tədbirlərinə qatılır

Siyasət Materials 16 Yanvar 2006 16:18 (UTC +04:00)

Hər il Azərbaycan Silahlı Qüvvələrinin 300-dən artıq zabiti NATO proqramı çərçivəsində müxtəlif tədbirlərdə iştirak edir. Trend məlumat verir ki, bu fikirlər yanvarın 16-da Beynəlxalq Mətbuat Klubunda millət vəkillərinin və Müdafiə Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən "Azərbaycan - NATO əlaqələri: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masada səslənib.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan müstəqillik yolu ilə addımlamağa başladıqdan sonra yaranmaqda olan ordusunun xarici əlaqələrinə ciddi önəm verməyə başlayıb. Bu baxımdan onun əməkdaşlığa can atdığı qurumun biri də NATO olub. Ötən müddət ərzində Azərbaycan-NATO- münasibətləri xeyli genişlənib.

"Azərbaycan-NATO- əlaqələrinin yaranmasının əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Alyans tərəfindən "Sülh Naminə Tərəfdaşlıq" proqramı təklif olunanda bü proqramda iştirakını bəyan edən 27 Avropa dövlətinin biri də Azərbaycan oldu. O zamandan başlayaraq bu əlaqələr yüksələn istiqamətdə davam edir. 2004-cü ilin mayında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyev fərdi tərəfdaşlığın fəaliyyət planını NATO-nun baş katibinə təqdim etdi və bu plan üzrə Azərbaycan-NATO əməkdaşlığı daha da sürətləndi", - deyə millət vəkili qeyd edib.

Digər tədbir iştirakçıları da öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Əfqanıstanda, Kosovoda və İraqda NATO əməliyyatlarına uğurlu töhvələr verdiyini söyləyiblər. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi partlamamış mərmilərin təmizlənməsi üzrə Saloğlu layihəsi NATO-nun ən uğurplu layihələrindən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, bu layihə NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq səviyyəsinin yaxşı göstəricisidir və əməkdaşlığın həyata keçirilməsində gələcəkdə də çox önəmli rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti