...

Mart ayında Azərbaycan prezidenti Yaponiyaya rəsmi səfər edəcək

Siyasət Materials 2 Fevral 2006 17:46 (UTC +04:00)

2006-cı ilin mart ayında Azərbaycan prezidenti İlham Əliyev Yaponiyaya rəsmi səfər edəcək. Bu barədə eksklyuziv olaraq Trend ə Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Hüseyn bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Yaponiyaya rəsmi səfər etmək üçün dəvətnamə alıb. Səfir qeyd edib ki, rəsmi dəvətnamə alındıqdan dərhal sonra Azərbaycanın xarici işlər nazirliyi səfər və səfər zamanı imzalanacaq bir sıra sənədlərlə bağlı hazırlığa başlayıb. Onun sözlərinə görə, sənədlər siyasi, iqtisadi və sosial sahələri əhatə edir. Səfir qeyd edib ki, əlbəttə ki, yalnız Azərbaycan bu sənədlərə təşəbbüs göstərmir, Yaponiya tərəfi də bir sıra sənədləri baxılmaq üçün Azərbaycan hökumətinə təqdim edib. Səfirin sözlərinə görə, Azərbaycan Yaponiya tərəfinin təkliflərini nəzərdən keçirir, Yaponiya isə Azərbaycanın təklif etdiyi sənədlər üzərində işləyir.

A.Hüseyn bildirib ki, sənədlər hər iki dövlət tərəfindən təqdirlə qarşılanıb, amma daxil olunmalı kiçik əlavə və düzəlişlər vardır. Diplomat qeyd edib ki, sənədlərin arasında Azərbaycan prezidentinin Yaponiyaya səfərinin yekunlarını əhatə edən siyasi sənəd də vardır. İqtisadiyyat, sənaye sahəsinə aid bəzi sənədlərə, eləcə də nazirliklərarası sənədlərə də baxılır. Səfirin sözlərinə görə, hazırda səfərin konkret tarixi və proqramının razılaşdırılması prosesi gedir. O, həm də bildirib ki, səfər ərəfəsində Azərbaycanın hökumət nümayəndə heyəti səfərin detallarının hazırlığı üçün Tokioya gedəcək.

Xatırladaq ki, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlər 1991-ci ildə qurulub, 2000-ci ildə Bakıda Yaponiyanın səfirliyi açılıb, 2005-ci ilin avqustunda isə Azərbaycan prezidentinin fərmanı ilə Yaponiyada Azərbaycanın səfirliyi açılıb.

Xəbər lenti

Xəbər lenti