...

Məzahir Pənahov: "Müxalifətə güzəşt edilməsi, seçki komissiyalarında onlara daha geniş yer verilməsi ədalətli qərardır"

Siyasət Materials 13 Mart 2006 13:22 (UTC +04:00)
Məzahir Pənahov: "Müxalifətə güzəşt edilməsi, seçki komissiyalarında onlara daha geniş yer verilməsi ədalətli qərardır"

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Trend agentliyinə müsahibəsi

- Məzahir müəllim, təkrar parlament seçkisindən sonra MSK-da boş saxlanılmış yerlərə seçim hansı qayda ilə aparılacaq? Nəzərə alsaq ki, təkrar seçkidə iştirak edən partiyaların sayı çoxdur, onlar MSK-dakı beş nəfərlik yeri necə bölüşəcəklər?

- Bəli, təkrar seçkinin cəmi 10 dairə üzrə keçirilməsinə baxmayaraq, bu seçkidə iştirak edən siyasi partiyaların sayı heç də əvvəlki seçkidəkindən geri qalmır. Məlumdur ki, namizədlər imza vərəqələrini qaytaranda özləri haqqında məlumat vermək hüququna malikdirlər. Namizədlərin bülletenlərdə siyasi mənsubiyyətləri haqqında özlərinin qeyd etdiyi məlumatlara əsasən, təkrar seçkidə 17 siyasi partiyanın üzvləri iştirak edir.
Təkrar seçkidən sonra parlament kimi, MSK-nın da tərkibi tam formalaşdırılacaq. Milli Məclisdə azlıqda olan partiyaların təmsilçiləri tərəfindən MSK-ya boş qalmış yerlərə üzvlər irəli sürüləcək. Qeyd edim ki, parlamentdə azlıqda olan partiyaların bir qismi artıq MSK-ya iki nəfərin namizədliyini irəli sürüb. Ümumiyyətlə, MSK-nın 13 nəfər üzvü artıq seçilib, beşi qalıb. Həmin beş nəfərdən biri heç bir siyasi partiyanı təmsil etməyən deputat qrupunun nümayəndəsi olacaq. Bu nümayəndə Milli Məclisdə azlıqda olan siyasi partiyaların deputatları ilə razılaşdırılacaq. Qalan 4 nəfər MSK üzvünün namizədliyi isə parlamentdə azlıqda qalan partiyalar tərəfindən irəli sürüləcək. Qeyd edim ki, bu partiyalar artıq iki nəfər nümayəndəsini MSK-ya təqdim ediblər.
MSK-da boş qalmış qalan 4 nəfərin hansı üsulla müəyyənləşdirilməsi isə həmin partiyaların öz işidir. Qanunda partiyaların MSK-ya göndərilən nümayəndəsini müəyyən etmək proseduruna aid xüsusi şərtlər yoxdur. Onların özlərinin istədikləri formada bu məsələni həll etmək hüquqları var. Müsavat, Vətəndaş Həmrəyliyi, Ümid partiyaları təkrar seçkidən sonra MSK üzvlüyünə öz namizədlərini irəli sürəcəklər.
- Müsavat Partiyası MSK-ya nümayəndəsini göndərmir və mövqeyini bununla izah edir ki, parlamentdə azlıqda qalan partiyalar dedikdə kimlərin nəzərdə tutulması və digər proseduralar tam aydın deyil.
- Müsavat Partiyası bununla bağlı Milli Məclisə müraciət edib. Bizə müraciət etmədiklərinə görə həmin məktubun mətni mənə tam məlum deyil. Amma mətbuat vasitəsilə aldığım məlumata görə, onları maraqlandıran suallara cavab axtarırlar. Hesab edirəm ki, Milli Məclisdə azlıqda qalan partiyalar məsələsinə xüsusi şəkildə aydınlıq gətirilməsinə ehtiyac yoxdur. Deputatlarının sayı parlamentdə çox olan Yeni Azərbaycan Partiyası çoxluqda olan partiyadır. Qalanları isə azlıqda qalan partiyalar hesab olunur. Çünki bu partiyaların üzvü olan deputatların sayı azdır.

- MSK da daxil olmaqla bütün seçki komissiyalarında bitərəf üzvlərin hakimiyyət tərəfdarları olduğu və bununla da paritetlik qorunmadığı iddia edilir. Sizin fikrinizcə, seçki komissiyalarının indiki tərkibi cəmiyyətdəki bütün qüvvələri bərabər şəkildə əks etdirirmi?

- Cəmiyyətdə demokratikləşmə prosesi gedir, hər bir vətəndaş və siyasi partiya məsələlərə öz fikrini, mövqeyini bildirir. Bu, onların hüququdur.
Azərbaycanda seçki komissiyalarının formalaşdırılması siyasi partiyaların təmsilçiliyi əsasında həyata keçirilir. Bu, demokratik proseslərin təcrübəsində ən çox əksini tapan prinsipdir. Cəmiyyətdə sosial bazaya uyğun olaraq seçki komissiyalarında adekvat formalaşma getməlidir. Biz parlamentdə azlıqda qalan partiyaların sosial bazasını nəzərə alsaq, onların hüquqları qorunduğunu, daha çox yer ayrıldığını görərərik. Mən hesab edirəm ki, seçki komissiyalarının tərkibi cəmiyyətdəki qüvvələri tam əks etdirir. Hətta qeyd etdiyim kimi, siyasi qüvvələrin sosial bazalarının nisbətini götürsək, mənim fikrimcə, müxalifətə artıqlaması ilə yer verilib və mən bunu düzgün hesab edirəm. Yeni formalaşan demokratik dövlətdə müstəqil, konstruktiv müxalifət formalaşmalı, fəaliyyət göstərməlidir. Müxalifətin xaricdən asılı olmaması ən vacib şərtlərdəndir. Çünki bugünkü müxalifət sabah hakimiyyətdə ola bilər və onların kənardan asılılığı Azərbaycanın gələcək taleyini də şübhə altına ala bilər. Mən hesab edirəm ki, həm cəmiyyətdə, həm də seçki komissiyalarında müxalifətin təmsilçiliyi vacibdir. Buna görə də müxalifətə güzəşt edilməsi, onlar üçün daha geniş yer verilməsi ədalətli qərardır.

- Təkrar parlament seçkidə iştirak etməyən müxalifət partiyaları isə, əksinə, iddia edir ki, seçki komissiyalarının indiki tərkibi demokratik seçki keçirilməsinə imkan yaratmır.
- Bəli, bu fikirləri çox söyləyirlər. Amma mən hesab edirəm ki, həm Azərbaycan ictimaiyyəti, həm beynəlxalq təşkilatlar artıq onların bu arqumentlərini qəbul etmirlər. Azərbaycan kiçik bir ölkədir, burada namizədlərin, siyasi partiyaların nə qədər gücə, sosial bazaya malik olduğunu hər kəs bilir. Bu, mənim subyektiv fikrimdir. Kimin nəyə qadir olduğunu, hansı iddialara mənəvi haqqının çatdığını və iddialarının nə dərəcədə ağlabatan, real olduğunu nəzərə almaq lazımdır. Qeyri-real iddialar cəmiyyət tərəfindən də ciddi qəbul edilmir.
Seçki komissiyalarının tərkibi barədə tənqidlərə gəldikdə isə, mənim fikrimcə, seçkidə uduzan şəxslər həmişə seçki komissiyalarına irad tutmağa çalışırlar. Ona görə də seçki komissiyaları ilə bağlı səbəblər gətirə bilərlər. Bunu nəzərə alaraq mən heç vaxt həmin iradlara münasibət bildirmirəm. Dünyanın hər yerində belə yanaşmalar var.

- Seçkidə qanun pozuntularına yol verilməsi ilə bağlı hansı məsuliyyət müəyyən olunub?

- Əvvəla, hansısa qanun pozuntularına yol verilə biləcəyi ehtimalları barədə ictimaiyyəti geniş məlumatlandırmaq lazımdır, çünki bu, çox ciddi məsələdir. Artıq MSK bu işin icrasına başlayıb. Seçki komissiyalarını və seçiciləri maarifləndirmək məqsədilə geniş fəaliyyətə başlamışıq. Bu istiqamətdə MSK katibliyinin əməkdaşları və MSK üzvləri İctimai Televiziya, AzTV, dövrü nəşrlər vasitəsilə maarifləndirmə işləri aparırlar. Qanun pozuntuları ilə bağlı həmçinin inzibati məsuliyyət də müəyyən olunub. Seçkidə bilərəkdən, yaxud səhlənkarlıq üzündən səhvə, qanun pozuntusuna yol verən şəxs buna görə cavabdehlik daşıyır. Həmin qanun pozuntuları ciddi nəticələrə gətirib çıxararsa və həmin dairədə seçicilərin iradəsini müəyyən etməyə imkvan verməzsə, orada nəticələr ləğv edilir. Ölkə prezidentinin də mövqeyi bundan ibarətdir ki, qanun pozuntularına, müdaxilələrə yol vermiş icra strukturlarının nümayəndələri cəzalandırılmalıdır. Seçkidə bu prinsiplər mütləq nəzərə alınacaq.

- Təkrar seçkidə yenə də seçicilərin barmaqlarına şəffaf mürəkkəb vurulacaqmı? Həmçinin "exit-poll"ların keçirilməsi üçün müraciət edənlər varmı?

- Ötən ilki parlament seçkisində tətbiq olunan proseduralar bu dəfə də təkrarlanacaq. Seçicilərin barmaqlarının mürəkkəblənməsi üsulundan da istifadə ediləcək. Bunun üçün çox güman ki, xarici dövlətlərin birinə mürəkkəb sifariş ediləcək. Həmin mürəkkəb balonları və lampalar - xüsusi cihazlar seçkinin keçirildiyi bütün məntəqələrə çatdırılacaq.
Təkrar seçkidə "exit-poll" keçirilməsi üçün də MSK tərəfindən lazım olan bütün şərait yaradılacaq. Artıq bəzi təşkilatlardan müraciət edənlar var. "Exit-poll"u əsasən beynəlxalq təşkilatlar aparacaqlar. Amma yerli təşkilatlardan da bu sorğuları keçirmək istəyənlər var. Ola bilsin, onlar da bu tədbiri həyata keçirsinlər.

- Ötən il parlament seçkisində bildirmişdiniz ki, "exit-poll"un nəticələri ilə MSK-nın elan etdiyi rəsmi nəticələr arasında ciddi fərqlər olarsa, müvafiq dairə üzrə seçkinin yekunları şübhə doğuracaq. Bu dəfə necə, təkrar seçkidə həmin fərqlər nəzərə alınacaqmı?

- Bəli, bu dəfə də eyni cür olacaq. Bu məsələyə çox ciddi yanaşılacaq. Əgər "exit-poll"la rəsmi nəticələr arasında ciddi fərqlər olarsa, həmin dairənin nəticələri barədə qərara yenidən baxıla bilər.

- MSK təkrar seçkidə beynəlxalq müşahidəçiliyin həyata keçirilməsi üçün müraciətlər göndəribmi?

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu geniş şəkildə seçkidə müşahidəçilik aparacaq. Azərbaycanda nümayəndəlikləri olan digər beynəlxalq qurumları, məsələn, Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu, İFES, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və digər Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusları seçkidə müşahidəçi qismində fəal iştirak etməyə çağıracağıq.

- Parlamentə əlavə seçki nə vaxt keçiriləcək?

- Bunun üçün ölkə prezidenti özü sərəncam verəcək. Hər halda əlavə seçki 13 mayda, yəni, təkrar seçki ilə bir yerdə olmayacaq. Əlavə seçkinin keçiriləcəyi dairə hələik birdir.

Xəbər lenti

Xəbər lenti