...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin kollektivi ilə görüş keçirib

Siyasət Materials 22 Mart 2006 13:53 (UTC +04:00)

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov nazirliyin əməkdaşları ilə görüş keçirib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin bir mərkəzdən əlaqələndirilməsini təmin edən bir qurumdur.

Nazir kollektivə cəmiyyətin təhlükəsizliyi naminə işə daha ciddi və məsuliyyətli yanaşmağı tövsiyyə edib: "Fövqəladə Hallar Nazirliyi əhalinin ümid yeri olmalıdır" - deyə K.Heydərov qeyd edib.

Sonra Fövqəladə hallar naziri Biləcəridəki Mülki Müdafiə Alayına baş çəkib. Burada bayram münasibətilə təntənəli mərasim keçirilib. Nazir alayın əsgər, çavuş və zabit heyətinə bayram münasibətilə ən xoş arzularını çatdırıb, onlara vətən qarşısında xidməti borcunu şərəflə yerinə yetirməyi tövsiyə edib.

"Azərbaycan xalqı və prezident əmin ola bilər ki, Fövqəladə Hallar Nazirliyinin sıravi əsgərindən tutmuş generalınadək hamı bir nəfər kimi Azərbaycanın təhlükəsizliyi naminə mübariz olmağı bacarır və bu yolda vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməyə hər zaman hazırdır" - deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti