Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kllenberqerin Azərbaycana səfəri əsir və itkin düşən azərbaycanlıların siyahısının dəqiqləşməsinə yardım edəcək və bu komitə ilə əməkdaşlığımıza təkan verəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.
Millət vəkili onu da bildirib ki, məlum siyahının tərtib edilməsi bir günün işi deyil. Bu məsələ ilə bağlı Azərbaycanın müvaifq orqanları Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə ciddi əməkdaşlıq edir: "Düşünürəm ki, cənab Kellenberqerin Azərbaycana səfəri bu əməkdaşlığa təkan verəcək. Əsas məqsəd siyahını dəqiqləşdirmək deyil, itkin düşən insanlarla bağlı məlumatlar əldə etməkdir".
G.Hacıyeva onu da söyləyib ki, Azərbaycandan itkin düşən insanlarla bağlı sözügedən komitənin siyahısında 2600 insanın adı var. Azərbaycan tərəfinin məlumatına görə isə bu rəqəm 5000-ə yaxındır.
Qeyd edək ki, AŞ PA-nın Azərbaycanda itkin düşən insanlarla bağlı məruzəçisi Leo Platfoyet apreldə Qırmızı Xaç Komitəsinin Cenevrədəki qərargahına gedərək bu siyahını yenidən dəqiqləşdirəcək. Məruzə AŞPA-nın miqrasiya, qaçqınlar və əhali məsələləri üzrə komitəsinin aprelin 10-13-də keçiriləcək iclasında dinləniləcək.