"NK "KazMunayQaz" SC və ARDNŞ "BTC sistemi ilə Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə nəqlinin dəstəklənməsi üzrə" saziş layihəsinin razılaşdırılması istiqamətində intensiv iş aparır. Bu barədə Trend agentliyinin məlumatına əsasən, aprelin 29-da Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclasında Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Baktıkoja İzmuxambetov bildirib.
Onun sözlərinə görə, neft nəqli sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas məsələsi Aktau-Bakı-Tbilisi-Ceyhan nəqliyyat sisteminin yaradılmasıdır ki, bu da Qazaxıstanın dünya bazarına karbohidrogen nəqli üzrə çoxşaxəli siyasətinin əsas istiqamətlərindən biri ola bilər.
Nazirin fikrincə, iki ölkə arasında mal dövriyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri Qazaxıstan neftinin Azərbaycan ərazisilə nəqli həcminin azalmasıdır.
Hər iki tərəfin səyləri müəyyən sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsidir. Birinci növbədə, söhbət karbohidrogenlər, kimya və neft-qaz maşınqayırma sənayesi məhsullarından gedir. O, həmçinin, neft-qaz avadanlığının vacib növlərinin hazırlanması üzrə müştərək müəssisə yaratmaq, kimya sənayesi məhsullarının istehsalı müəssisələri təsis etmək, eləcə də maye qazı dünya bazarına ixrac etməyi planlaşdıran şirkətləri dəstəkləmyəi vacib bilir.
Azərbğaycanın neft-kimya sənayesindəki təcrübəsini nəzərə alaraq, Qazaxıstan tərəfi bu sahədə yüksəktexnologiyalı layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu bildirib.
Nazir həmçinin, qazma qurğuları üçün detalların çatdırılması sahəsində "Qazaxıstan injinirinq" SC-nın Azərbaycan tərəfdaşları ilə əməkdaşlığını qeyd edib. "Azneftkimyamaş", "Qazaxıstan injinirinq", "Tanaşneftqaz" və "Manqistauqeologiya" səhmdar cəmiyyətlərinin Aktau və Azitan şəhərlərində nümayəndəliklərin açılışı, neft-qaz avadanlığına xidmət göstərilməsi üzrə xüsusi servis bazalarının yaradılması məsələləri ilə bağlı danışaqları intensivləşdirmək tövsiyyə olunub. Öz növbəsində "Azneftkimyamaş" və "KazMunayqaz" Bakıda neft-qaz avadanlığının vacib növlərinin istehsalı üzrə müştərək müəssisənin yaradılması layihəsini nəzərdən keçirməli və müzakirəyə qoymalıdır.