...

Azərbaycanın əsas nümayəndə heyəti AŞPA-nın yay sessiyasına iyunun 24-də yola düşəcək

Siyasət Materials 16 İyun 2006 18:16 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 26-da keçiriləcək yay sessiyasında iştirak etmək üçün Azərbaycanın qurumdakı əsas nümayəndə heyəti iyunun 24-də Fransaya yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı əsas nümayəndə heyətinin üzvü Sabir Hacıyev bildirib.

Qeyd edək ki, sessiyada Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

S.Hacıyev bildirib ki, nümayəndə heyətinin əsas heyətində boş qalan iki yerdən birinə onu təsdiqləyiblər: "Digər yerə isə mayın 13-də parlamentə keçirilən təkrar seçkilərdə qələbə qazanan Vətəndaş Həmrəyliyi Partiyasından olan Fəzial İbrahimlinin təyin olunduğu bildirilib".

Qeyd edək ki, sessiyanın ilk günündə AŞPA-nın sədri Rene van der Linden çıxış edəcək, Çernoqoriyanın dövlət statusu ilə bağlı keçirilmiş referendum müzakirə ediləcək. Sonrakı günlərdə Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçilməsi, AŞ-yə üzv ölkələrdə gizli həbsxanalar, qeyri-qanuni miqrantların haqları, ifadə azadllığı və dini etiqadlara hörmət məsələsi müzakirə olunacaq. AŞPA-nın ölüm hökmünü ləğv etməyən üzv dövlətlər və müşahidəçi ölkələrlə bağlı mövqeyi açıqlanacaq. Sessiyanın son günü müzakirə olunacaq məsələlər sırasına milli azlıqların hüquqlarının qorunmasına dair çərçivə Konvensiyasının AŞ tərəfindən təsdiqlənməsi məsələsi də salınıb.

İyunun 30-dək davam edəcək tədbirdə Azərbaycanla bağlı məsələyə baxılacaq, Monitorinq Komitəsinin ölkəmiz üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin məruzələri dinləniləcək.

Xəbər lenti

Xəbər lenti