Azərbaycan Demokrat Partiyasının (ADP) Ağcəbədi rayon təşkilatı fəaliyyətini dayandırmağa və üzvlərin "Azərbaycan Yolu" Siyasi Hərəkatının sıralarına qoşulmasına qərar verib. Bu barədə Trend ə ADP-nin Ağcəbədi rayon təşkilatından məlumat verilib.
Rayon təşkilatının yaydığı bəyanatda bildirilir ki, ölkədə baş verən ictimai-siyasi proseslər, dövlət mənafeyi müxalifət liderlərini maraqlandırmır, onların yalnız öz şəxsi mənafelərini güdməsi təəssüf doğurur. Buna görə də rayon təşkilatı ADP-nin bölməsi kimi fəaliyyətini dayandırmağa və "Azərbaycan Yolu" Siyasi Hərəkatına keçməyə qərar veriblər. Bəyanatda deyilir ki, ADP rayon təşkilatı Məclisinin 5 avqust 2006-cı il tarixli qərarı ilə təşkilatın fəaliyyəti dayandılır və 112 nəfər partiya üzvü siyasi hərəkata keçdiyini bəyan edir.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə bu məsələ ilə bağlı bildirib ki, bu haqda partiyanın mərkəzi qərargahına heç bir məlumat verilməyib və bəyanat daxil olmayıb. S.Cəlaloğlu rayon təşkilatının qərarının araşdırılacağını deyib. O, həm də əlavə edib ki, ADP-nin Ağcəbəri rayon təşkilatının sədrinə təzyiqlər edilirdi: "Biz də ona bildirmişdik ki, əgər partiya sıralarında fəaliyyəti şəxsi həyatına, işlərinə problemlər yaradırsa, partiya üzvlüyünü təkr etsin. Ola bilsin, bu səbəbdən belə qərar verilib. "Azərbaycan Yolu" təşkilatına qoşulmaları isə, çox güman ki, maliyyə məsələləri ilə bağlıdır"-deyə S.Cəlaloğlu vurğulayıb.