"BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə ilk növbədə Livan xalqı və dövlətinə aiddir. Bizim alqışladığımız məsələ qəbul edilən qətnamə yox, atəşkəsin elan edilməsidir". Trend İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Həmidrza Asəfi açılayıb.
O, BMT-nin İsrail-Livan münaqişəsinə dair ötən gün çıxardığı 1701 saylı qətnaməsinə İranın rəsmi münasibətini açıqlayarkən deyib ki, bu sənəd balanslaşdırılmış qətnamə deyil. Eyni zamanda o, qətnamənin qəbulundan razılığını bildirərək İranın atəşkəs elan edilməsindən şad olduğunu vurğulayıb: "Biz hesab edirik ki, günahsız insanların qanının tökülməsinin qarşısı daha tez alınmalı idi. Mühüm olan məsələ budur ki, İsrail rejimi bu savaşda mütləq məğlub, Livanın islam müqaviməti isə mütləq qalib oldu".
H.Asəfi əlavə edib ki, İsrail rejiminə iqtisadi cəhətdən yeddi milyard dollar məbləğində ziyan dəyib, bu ölkə çoxsaylı insan və hərbi texnika itkisi verib: "İsrail ictimai rəy baxımından da məğlub tərəfdir. Rejimin işğalçı hərəkətləri davam edəcəyi halda, müqavimət də davam edəcək. Çünki özünümüdafiə Livan xalqının haqlı hüququdur"-deyə İran XİN rəsmisi bəyanat verib.