...

AŞ-dəki nümayəndə: Azərbaycanın Avropa Şurasındakı mövqeləri möhkəm olub və möhkəm olaraq qalmaqdadır

Siyasət Materials 16 Avqust 2006 15:03 (UTC +04:00)
AŞ-dəki nümayəndə: Azərbaycanın Avropa Şurasındakı mövqeləri möhkəm olub və möhkəm olaraq qalmaqdadır

Trend in Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi Aqşin Mehdiyevlə eksklüziv müsahibəsi

- Azərbaycanla Avropa Şurası arasındakı əlaqələrin cari səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycanın bu gün AŞ-dəki mövqeyi necədir?

- Azərbaycan hökumətinin Avropa Şurası Nazirlər Komitəsilə əlaqələri yüksələn xətlə inkişaf edir. Müntəzəm olaraq problem xarakterli məsələlər ortaya çıxır, lakin sakitcə həll olunur.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) gəldikdə, burada söhbət bu və ya digər məruzəçinin, deputat qrupunun müəyyən hadisələrdən narazılıq bildirməsi kimi epizodlardan gedə bilər. Misal üçün, tanınmış həmməruzəçilər Andreas Qross və Andres Herkel Azərbaycana münasibətdə qərəzli mövqu tutur. Bu həmməruzəçilər faktiki olaraq assambleyanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının müzakirəsinə təhrik etdi, lakin assambleya onları dəstəkləmədi. Biz parlament assambleyası ilə birlikdə bu cəhdlərə müqavimət göstərməyə, bunlarla mübarizə etməyə çalışırıq və hesab edirəm ki, indiyə qədər buna nail olmuşuq.

- Ayrı-ayrı şəxslərin və qrupların qərəzli mövqeyini nə ilə izah edə bilərsiniz?

- Birincisi, unutmaq lazım deyil ki Azərbaycana olan münasibət birmənalı deyil. Bizim çoxlu dostlarımız var, lakin eyni zamanda düşmənlərimiz də kifayət qədərdir. Biz böyük tarixə, təbii sərvətlərə malik ölkəyik. Təbii, bizim müsəlman olkəsi olduğumuzu da qulaqardına vurmaq olmaz. Bu, Avropa xristian dairələrində həmişə birmənalı qəbul olunmur və erməni lobbisi də daim və məqsədyönlü şəkildə Azərbaycana qarşı işləyir.

- Erməni lobbisinin hazırda Avropa Şurasındakı nüfuzunu necə qiymətləndirirsiniz?

- Zəif deyil. Ermənilər həqiqi provokatorlardır. Biz təbliğat işi ilə cəmi 10-12 ildir ki, məşğuluq. Onlar isə yüzilliklər ərzində özlərini yazıq kimi qələmə verərək, antitürk, antiazərbaycan, antimüsəlman təbliğatı aparır.

Bununla yanaşı, düşünürəm ki, bizim nüfuzumuz da artır. Bizim nailiyyətlərimizlə, başqa ölkələrlə, o cümlədən Avropa, xristian dövlətlərilə inkişaf edən əlaqələrimizlə müqayisədə erməni lobbisinin ömrünə çox qalmayıb.

- Ermənilərdən AŞPA-nın payız sessiyasında sürpriz gözləmək olarmı?

- Düşünmürəm. Hesab edirəm ki, payız sessiyasında Azərbaycanla bağlı məsələlər müzakirə olunmayacaq.

- Bizim nümayəndə heyətimiz sessiyada Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar məsələsini qaldırmağı planlaşdırırmı?

- Əlbəttə, bizim deputatlar komitələrin iclasında bu məsələni qaldıra və məruzəçi təyin edilməsini tələb edə bilər. Bu mümkündür.

- Avropa Şurası başqa bir nüfuzlu beynəlxalq təşkilatın, yəni ATƏT-in hesabatından sonra bu ərazilərə ekspertlərini göndərə bilərmi?

- Sual çoz düzgün formulə edilib. Bu, çox ciddi problemdir, çünki beynəlxalq təşkilatlar arasında bir növ koordinasiya mövcuddur. Çox nadir hallarda bunların mövqeyinin ziddiyyət təşkil etdiyini görmək olar. Buna görə sizin dediklərinizdə müəyyən həqiqət var.

Lakin Avropa Şurası kifayət qədər müstəqildir, bəzi məsələlərlə bağlı digər təşkilatlardan fərqli olan və çox prinsipal mövqe tutur. Mən istisna etmirəm ki, cəhd göstərmək olar. İndi ən əsası - bizim mövqeyimizin kifayət qədər əsaslandırılmış, faktlarla təsbit edilmiş olmasıdır. Bəzən elə olur ki, biz müəyyən məsələni qaldırırıq, sonra isə kifayət qədər dəlil gətirə bilmirik.

- Avropa Şurası nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana səfəri gözlənilirmi?

- Düşünürəm ki, AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi Toni Lloyd bu ilin payızında Azərbaycana gəlməyi planlaşdırır, lakin sessiyaya qədər hər hansı bir səfər gözlənilmir. AŞ Yerli Hakimiyyətlər Konqresinin nümayəndə heyəti sessiyadan sonra və bələdiyyə seçkilərinə qədər Azərbaycandakı seçkiqabağı vəziyyətin monitorinqini keçirmək üçün ölkəyə gələcək. Təşkilatın baş katibi Terri Devisin də gələcəkdə Azərbaycana səfəri istisna deyil, lakin bu məsələ üzərində hələ işləmək lazımdır.

- Avropa Şurası bələdiyyə seçkilərində monitorinq keçirməyi planlaşdırırmı?

- Belə bir fikir səslənir ki, Regional və Yerli Hakimiyyətlər Konqresi öz müşahidəçilərini göndərə bilər.

- AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin növbəti iclası nə vaxt keçiriləcək və gündəliyə hansı məsələlər daxildir?

- Dəqiq tarix hələ məlum deyil. Yəgin, payız sessiyasından əvvəl və ya sessiya zamanı. Hesab edirəm ki, Praqa prosesinin konkret nəticələri, danışıqlar prosesinin vəziyyəti gec və ya tez Nazirlər Komitəsinin gündəliyinə daxil ediləcək və bu məsələ artıq yaxınlaşmaqdadır.

- Bu, Azərbaycana nə verəcək?

- Hazırda münaqişənin nizamlanması ilə məşğul olan təşkilatlar, yəni ATƏT-in Minsk Qrupu və digərləri onların işi ilə maraqlanan adamların olduğunu hiss edirlər. Mən sərt ifadələrdən istifadə etmək istəməzdim. Avropa Şurası özü qiymət verəcək. Axı söhbət 46 Avropa ölkəsini birləşdirən təşkilatdan gedir.

Əlbəttə, mən deyə bilmərəm ki, Avropa Şurası həmişə Azərbaycanın maraqlarını müdafiə edir, lakin bu təşkilatın mövqeyində bir sıra müsbət cəhətlər var, halbuki fikrimcə, bu da kifayət deyil. Hazırkı halda bu təşkilat ədaləti müdafiə edir. Avropa Şurası ədalət müdafiəçisi imicini saxlamalıdır.

- Bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə təsir göstərə bilərmi?

- Biz həmişə hesab etmişik və hesab etməkdəyik ki, prosesdə nə qədər çox beynəlxalq təşkilat, qurum iştirak edərsə, o qədər yaxşıdır. Lakin heç vaxt deməmişik ki, bu təşkilatlar Minsk Qrupunu əvəz etməlidir. Minsk Qrupunun əvəzlənməsi məsələsi bu gün gündəlikdə deyil.

Xəbər lenti

Xəbər lenti