Sentyabrın 1-də hakim Yeni Azərbaycan Partiyası (YAP) ümumrespublika müşavirəsi keçirib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildirilib.
Müşavirəni giriş sözü ilə YAP sədrinin müavini, partiyanın icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov açaraq əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, ötən 6 ay ərzində partiya üzvlərinin sayı 15 min 677 nəfər artaraq 393 min 746 nəfər olub. Oktyabrda bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərdə partiyadan olan namizədlərin böyük fəallıqla iştirak edəcəklərindən danışan natiq deyib ki, ötən dövrdə qazanılan nailiyyətlərdən arxayınlaşmaq olmaz.
Müşavirədə bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərə hazırlıq və şəhər, rayon təşkilatlarında növbəti konfransların keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, bələdiyyə seçkiləri keçiriləcək bütün dairələrdən partiyadan olan namizədlər qeydə alınıb.
Sentyabrın 2-dən başlayaraq bölgələrdə bələdiyyə üzvlüyünə namizədlərin toplantıları keçiriləcək. Toplantılarda seçkiqabağı təbliğat-təşviqat kompaniyasının səmərəli aparılması üçün tövsiyələr veriləcək. Yığıncaqda yerlərdə təşkilatlanma işlərini daha da yaxşılaşdırmaq, eləcə də, 2008-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşmaq barədə tapşırıqlar verilib.