...

Azərbaycan Aİ-nin energetika sahəsində hər hansı bir direktivini öz qanunlarına tam tətbiq etməyəcək

Siyasət Materials 8 Sentyabr 2006 15:00 (UTC +04:00)

Azərbaycan və Avropa Birliyi arasında enerji sahəsində tərəfdaşlığa dair sazişin noyabrda imzalanması gözlənilir. Bundan əlavə Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığa dair saziş layihəsinin də əsas məqamları razılaşdırılıb.

Trend xəbər verir ki, bu barədə məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması Avropa Birliyinə inteqrasiyada Dünya Ticarət Təşkilatının tələblərindən biridir. Ancaq bu prosesin kor-koranə yox, ölkədəki iqtisadi vəziyyətə əsaslanaraq həyata keçirilməsi məqbuldur.

V.Ələsgərovun fikrincə, hər iki tərəf bərabərhüquqlu qismdə qanunvericiliyin uzlaşması istiqamətində strategiya və proqramı razılaşdırıb və bu uzlaşma üzərində çalışacaq. Lakin Azərbaycan Avropa İttifaqının energetika sahəsində hər hansı bir direktivini öz qanunlarına tam tətbiq etməyəcək. "Əgər bizim Avropanın enerji bazarına inteqrasiyada qanunlarımız baxımından problemimiz olsaydı, Azərbaycana bu qədər, milyard dollarla sərmayə qoyulmazdı" deyə V.Ələsgərov boldirib.

Xatırladaq ki, Azərbaycan Avropa Enerji Xartiyası Sazişinə 1997-ci ildə qoşulub. Enerji Xartiyası çərçivəsində iş əsasən dörd istiqamətdə aparılır. Bura ticarət, sərmayə, tranzit məsələləri, enerji səmərəliliyi və ətraf mühit aspektləri, həmçinin sənaye məsləhətləşmə paneli daxildir. Onu da qeyd edək ki, Azərbaycanın Enerji Xartiyasındakı fəaliyyətini 2002-ci ildə yaradılmış qurumlararası Ekspertlər qrupu həyata keçirir. Həmin qrupa sədrlik Sənaye və Energetika Nazirliyinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti