...

Rövşən Mustafayev: "Sentyabrın 30-da Bakıda "Separatizmsiz və separatçılarsız Qafqaz" adlı beynəlxalq konfrans keçiriləcək"

Siyasət Materials 11 Sentyabr 2006 15:33 (UTC +04:00)
Rövşən Mustafayev: "Sentyabrın 30-da Bakıda "Separatizmsiz və separatçılarsız Qafqaz" adlı beynəlxalq konfrans keçiriləcək"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Haqları İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə sentyabrın 30-da Bakıda "Separatizmsiz və separatçılarsız Qafqaz" adlı beynəlxalq konfras keçiriləcək. Bu barədə Trend ə İnsan Haqları İnstitutunun direktoru, siyasi elmlər doktoru professor Rövşən Mustafayev məlumat verib.

O bildirib ki, tədbirdə Qafqazda əsas terror və separatçılıq mənbəyi barədə müzakirələr, geniş elmi disskusiyalar aparılacaq, tarixi faktlar açıqlanacaq. R.Mustafayevin sözlərinə görə, İnsan Haqları İnstitutunda təşkil olunacaq dəyirmi masada Azərbaycandan başqa, Gürcüstan, Rusiya, Ukrayna və başqa ölkələrin tanınmış alimləri, hüquqşünas, politoloq, konfliktoloq, deputat və ictimai xadimləri iştirak edəcəklər.

Rusiyadan tanınmış alim Tatyana Poloskova, politoloq Maksim Miyer, Estoniyanın QHT rəhbəri Andrey Zarenkov, Ukrayna Ali Radasının komissiya sədri, Avropaya İnteqrasiya İnstitutunun direktoru Vıdrin Dmitro, Gürcüstandan alim və professorlar İvan Dolidze, Roland Nijiradze, Andzor Qoqadze və başqaları dəyirmi masa ətrafında aparılacaq müzakirələrdə iştirak edəcəklər.

R.Mustafayevin sözlərinə görə, bu toplantıda "Qafqazda əsas separatçılar kimlərdir" sualına cavab axtarılacaq, bu mövzu ətrafında müzakirlər keçiriləcək: "Tədbirin keçirilməsində əsas məqsəd də budur. Biz Qafqaz regionunda baş verən etnik konfliktlərin, separatzmin əsas səbəbkarları, təşkilatçıları və bu təhlükələrin ağır nəticələri barədə bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Həmçinin Qafqaz üzrə daimi fəaliyyət göstərən bir konfrans yaradılmasını planlaşdırırıq. Ona görə də dəyirmi masanın yekunu kimi Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və gələcəkdə digər ölkələrin nümayəndələrinin birgə iştirakı ilə mütəmadi toplantılar, görüşlər keçirilməsi üçün daimi konfrans yaradılmasına qərar verilə bilər"-deyə R.Mustafayev qeyd edib.

İnsan Hüquqları İnstitunun direktoru onu da deyib ki, sözügedən toplantının davamı da nəzərdə tutulur. Növbəti dəfə belə bir beynəlxalq konfrans Avropa Forumu ilə birgə təşkil edilə bilər. R.Mustafayevin sözlərinə görə, onun Qafqazda separatçılıq və terrorçuluq mənbəyi mövzusunda elmi, tarixi araşdırmalar aparılması və konfranslar keçirilməsi təklifi Rusiya, Gürcüstan alimləri, hətta Avropa Forumu və digər beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti