...

VHP-nin qurultayında sədrliyə yenə də Sabir Rüstəmxanlının namizədliyi irəli sürüləcək

Siyasət Materials 16 Sentyabr 2006 12:28 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bu ilin payızında keçiriləcək qurultayında sədrliyə yenə də Sabir Rüstəmxanlının namizədliyi irəli sürüləcək. Bu barədə Trend ə Sabir Rüstəmxanlı məlumat verib.

O qeyd edib ki, VHP-nin növbəti qurultayının vaxtı geçikib, Əsasnamənin şərtləri pozulub. S.Rüstəmxanlının sözlərinə görə, bu gecikmə də son illərdə siyasi mühitdə, müxalifət düşərgəsində hökm sürən durğunluqla bağlıdır: "Hər bir qurultay partiya üçün əlamətdar hadisəyə çevrilməlidir. Son illərdəki durğunluq bizim partiyaya da öz təsirini göstərib. Amma buna baxmayaraq, biz qurultayımızı keçirəcəyik. Bu ay həm də patiyamızın 14 yaşı tamam olur. Qurultayda bu məsələ də qeyd olunacaq. Gələn il isə VHP-nin 15 illiyini daha geniş qeyd edəcəyik"-deyə S.Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı onu da deyib ki, qurultayda partiya sədrliyinə namizədliyi özü tərəfindən deyil, qurultay iştirakçıları tərəfindən irəli sürüləcək. O, eyni zamanda partiyanın rəhbərliyinə yeni şəxslərin gəlməsinin cəmiyyət və siyasi partiyalar üçün zəruri olduğunu da vurğulayıb: "Azərbaycanda siyasi partiyalar ayrı-ayrı liderlərin ətrafında formalaşır. Sonradan isə partiyaya yeni rəhbərlik seçmək problemə çevrilir. Amma rəhbərliyə, idarəetməyə yeni adamların gəlməsi lazımdır. Lakin bu proses təbii şəkildə getməlidir. Çünki partiyada rəhbərlik dəyişməsi çox ciddi və partiyanın taleyi ilə bağlı olan məsələdir".

Qeyd edək ki, VHP 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. Partiya Azərbaycan müstəqillik qazandığı dövrdən indiyədək keçirilmiş bütün seçkilərdə iştirak edib, 1991-95, 1995-2000, 2000-2005-ci illərdə parlamentdə bir neçə deputatla təmsil olunub. VHP yaranandan indiyədək partiyaya sədrlik edən keçmiş mətbuat və informasiya naziri, xalq şairi Sabir Rüstəmxanlı 1991-ci ildən bu günədək millət vəkilidir və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti