...

Salyan Müxalifətinin Siyasi Əməkdaşlıq Mərkəzi növbəti toplantısını keçirib

Siyasət Materials 27 Sentyabr 2006 15:04 (UTC +04:00)

Salyan Müxalifətinin Siyasi Əməkdaşlıq Mərkəzi növbəti ənənəvi toplantısını keçirib. Trend xəbər verir ki, yığıncaqda ölkədə və rayonda baş verən siyasi proseslər, təkrar bələdiyyə seçkiləri, seçkiqabağı təbliğat-təşviqat işləri və Salyan müxalifətinin qarşısında duran əsas məsələlər müzakirə edilib.

VHP Salyan rayon təşkilatının sədri S.Sadıqov təkrar bələdiyyə seçkiləri ilə bağlı aparılan təbliğat işləri və ölkədəki ictimai-siyasi vəziyyət barədə barədə məlumat verib.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası Salyan rayon şöbəsinin sədri Ədalət Yusubov isə çıxışında müxalifət partiyalarının fəaliyyəti, apardıqları siyasət və AKXCP sədri M.Mirəlioğlunun müxalifətin birgə əməkdaşlığı üçün irəli sürdüyü təklif barədə ətraflı məlumat verib.

Salyan müxalifəti AKXCP sədri Mirmahmud Mirəlioğlunun müxalifətin birləşməsi üçün irəli sürdüyü təklifi dəstəklədiklərini bildiriblər və qeyd olunub ki, müxalifət özündə cəsarət tapıb bir-birini tənqid etməkdənsə birlik nümayiş etdirməlidir.

Yığıncağın sonunda müxalifətçilər Güney Azərbaycan türklərinin apardıqları mübarizəni dəstəklədiklərini bildiriblər.

Toplantıda Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Salyan rayon təşkilatının sədri Sərdar Sadıqov, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası (AKXCP) Salyan rayon şöbəsinin sədri Ədalət Yusubov, Müsavat Partiyası Salyan rayon təşkilatının sədri Mirzağa Axundov, Ədalət Partiyası Salyan rayon təşkilatının sədri Aydın Abasov, Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyası Salyan rayon təşkilatının sədri Məhəmməd Cəfərov və Azərbaycan Milli İstiqlal Partiyası Salyan rayon təşkilatının sədri Abasağa Quliyev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti