...

"İblis həmişə xırdalıqlarda olur" - Azərbaycanın xarici işlər nazirinin "Trend"ə müsahibəsi

Siyasət Materials 16 Oktyabr 2006 12:02 (UTC +04:00)

Trend in Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla eksklüziv müsahibəsi

- Bu yaxınlarda Sizin Parisdə Ermənistan XİN başçısı və ATƏT-in Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair danışıqlarınız baş tutacaq. Moskvadakı danışıqları da nəzərə alsaq, Paris görüşündən nələri gözləyə bilərik?

- Düşünürəm ki, artıq nizamlanmanın daha çətin məsələlərində təmas nöqtələrinə toxunmaq imkanımız yaranıb. Bu mənada Moskva görüşü faydalı olub. Belə bir misal var: "İblis həmişə xırdalıqlarda olur" və artıq "detallara" keçdikdə çoxlu problemlərin olduğunu görürsən.
Mən həddən artıq nikbin olmaq niyyətində deyiləm, amma eyni zamanda, movcud real vəziyyəti qiymətləndirmək istərdim. Tətbiqi mümkün olan yeni elementlər, həmsədrlər tərəfindən irəli sürülən yeni ideyalar var və bu mənada həmin ideyalar üzərində işləmək üçün yeni sahə meydana gəlib.

- Niyə bu vaxta qədər həmin "təmas nöqtələri" olmayıb?

- Çox üzücü imkanlar axtarışı gedir. Mövqelərin yaxınlaşması üçün kövrək balans tapılmalıdır. Polyar, əks nöqteyi-nəzərlər mövcud olduğu halda, onların vahid fikrə gətirilməsi, Dağlıq Qarabağ probleminin həm Azərbaycan, həm də Ermənistan üçün çox həssas bir məsələ olduğunu nəzərə alsaq, çox çətin və səbir tələb edən bir prosesdir.
Və əlbəttə, bu baxımdan bizim vəzifəmiz mövqeləri yaxınlaşdırmağa çalışmaqdır. Alınacaq, yoxsa yox - bunu demək çətindir və istəməzdim də. Və bəlkə də çox qabağı görə bilmərəm. Amma belə bir istəyin biz tərəfdən mövcud olmasına gəlincə, bu, şübhəsizdir. İndi hər şey o qədər incədir ki, qabacadan "hansısa irəliləyişə nail olunacaq" demək istəməzdim. Mənim qəti mövqeyim ondan ibarətdir ki, əgər məsələni həll etməyə istək varsa, onda axıra qədər getmək lazımdır.

-Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanması ilə bağlı həmsədrlərin təklif etdikləri "baza prinsipləri" ilə razılaşdığını bildirib. Bu prinsiplər nə dərəcədə Azərbaycanın milli maraqlarına uyğundur?

- Hazırda təklif olunan o "baza prinsipləri" ilə, ümumiyyətlə, kimin razılaşıb-razılaşmadığını demək çətindir. Belə bir qayda var, sənəd bütünlüklə razılaşdırılmayana qədər o, razılaşdırılmamış hesab olunur. Bu mənada bu piar gedişləri mən heç də qəbul etmirəm.
Konstruktivliyini öz xalqına bu şəkildə nümayiş etdirmək gülüş doğurur. Hazırda biz "Paris prosesi" adlandırdığımız prinsiplərdən və münaqişənin nizama salınmasının əsas elementərindən çıxış edirik. Bu elementlər əsasında gələcək tədbirlər işlənib hazırlanacaq.
Biz başa düşürük ki, bu, məhz o bazadır ki, biz onun əsasında işi davam etdirməyə hazırıq. Əlbəttə ki, əgər nəticədə nə isə alınsaydı, bu, əla olardı.
Obyektivlik xatirinə deyə bilərəm ki, bir çox elementlər, müfəssəl olmasa da, prinsiplər kimi razılaşdırılıb. Qalan bir neçə təmas nöqtələri var ki, prosesin irəliləməsi üçün onlarla bağlı hansısa yollar tapılmalıdır.

- Laçın və Kəlbəcərlə bağlı danışıqların nəticəsini necə görürsünüz ?

- Bu da problemlərdən biridir. Düşünürəm ki, bu məsələdə biz həll yollarını tapa biləcəyik.

- BMT Baş Assambleyasının sessiyasına çıxarılan Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM ölkələri ərazisində silahlı münaqişələrlə bağlı məsələ indi hansı mərhələdədir?

- Bu, Baş Assambleya tərəfindən təsdiq olunmuş gündəliyin bir bəndidir. Oktyabrın sonunda GUAM ölkələri təmsilçilərinin Tbilisidə görüşü keçirilməlidir. Gündəlikdə duran məsələlərdən biri bizim BMT çərçivəsində gələcək fəaliyyətimizin müzakirəsi olacaq. Bu bəndin üstünlüyü ondan ibarətdir ki, o, Baş Assambleyanın komitələrində deyil, birbaşa plenar iclasda baxılmaq üçün gündəliyə salınıb. Yəni bu məsələ 2007-ci ilin sentyabr ayına qədər daim gündəlikdə olacaq.

- BMT Baş Assambleyasının 61-ci sessiyasının açılışında iştirak etdikdən sonra Siz Kubaya səfər etdiniz. Bu, Azərbaycandan ilk rəsmi səfər idi və kifayət qədər gözlənilməz idi...

- Kubada çox intensiv və yaxşı danışıqlar aparıldı. Kubada Bloklara Qoşulmamaq Hərəkatı sammiti keçirildikdən sonra bu ölkə gələn üç il üçün sədr oldu və ona görə də bizim üçün bu formatda əməkdaşlıq çox maraqlıdır. Mən İslam Konfransı Təşkilatı və Bloklara Qoşulmamaq Hərəkatı arasında qarşılıqlı fəaliyyət baxımından İKT Xarici İşlər Nazirləri konfransının sədri qismində kubalı həmkarım ilə də danışıqlar apardım. Belə ki, İKT-yə daxil olan ölkələrin böyük əksəriyyəti həmçinin Bloklara Qoşulmamaq Hərəkatının üzvüdür və iki qurum arasında məsləhətələşmələr aparmaq çox faydalıdır.
Bundan başqa, Kubada 1000-dən çox Azərbaycan ali təhsil müəssisələrinin, əsasən, Bakı Dövlət Universitetinin, Dövlət İqtisad Universitetinin məzunu yaşayır. Kuba XİN əməkdaşlarının çoxu BDU-nun beynəlxalq hüquq fakültəsini bitirib. Kuba neft şirkətinin rəhbəri Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb.
Energetika sahəsinə onlarda çox böyük maraq var, çünki Kubada böyük neft yataqlarının olduğu ehtimal olunur. Hələlik geofiziki kəşfiyyat işləri aparılır və bizim mütəxəssislərin də cəlbi mümkündür. Bundan başqa, Kubada təbabət çox inkişaf edib, orada çox yaxşı immunologiya məktəbi var. Özü də peyvəndlərin tərkibi təbii konponentlərdən ibarətdir. Və biz razılaşdıq ki, bu ilin sonuna kimi Azərbaycana Kuba İmmunologiya İnstitutunun rəhbəri, gələn ilin əvvəlində isə Bakıya Kuba XİN başçısı gəlsin.

- Yaxın vaxtlarda Azərbaycan prezidentinin Belarusa ilk rəsmi səfəri gözlənilir. Bu ölkə ilə cari əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- İki ölkə arasında bir neçə müqavilə müzakirə olunur. Düz 15 il bundan əvvəl Azərbaycan və Belarus vahid dövlətin tərkibində idilər. Müvafiq olaraq, iqtisadi əlaqələr hələ o dövrdən qalıb. Bu yaxınlarda Azərbaycanın baş naziri bu ölkəyə səfər edib. Hazırkı mərhələdə ikitərəfli münasibətləri inkişaf etdirmək və ona yeni təkan vermək üçün hələ Sovet İttifaqı dövründən mövcud olan təsərrüfat əlaqələri kifayət qədər maraqlıdır.
İkincisi, həmişə humanitar tərəflər də mövcud olub. Belarusda kifayət qədər böyük Azərbaycan icması yaşayır. Xoşbəxtlikdən, hələ biz bu ölkədə azərbaycanlılarla bağlı hər hansı bir problemin yaşandığını eşitməmişik.

- Gürcüstan və Rusiya arasında münasibətlərin kəskinləşməsi hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycana qonşu və dost olan bu iki ölkə arasında münasibətləri yoluna qoymaq üçün rəsmi Bakıya vasitəçi olmaqla bağlı müraciət olunmayıb ki?

- Keçən həftə Moskvada mən Rusiya XİN başçısı Sergey Lavrovla görüşdüm. Biz bu mövzunu müzakirə etdik və çox geniş fikir mübadiləsi apardıq. Bizim bu məsələ ilə bağlı mövqeyimiz məlumdur. Mən onu həm Moskvada, həm də Bakıda söyləmişəm. Hesab edirik ki, mehriban qonşuluq əhval-ruhiyyəsi həmişə mövcud olmalıdır, kritik məsələləri isə yalnız diplomatik yolla həll etmək lazımdır. Bu, həm də daha geniş regional baxımdan vacibdir. Və mən Lavrovla söhbətim zamanı hiss etdim ki, Rusiya tərəfi də bunu anlayır.

- GUAM-ın inkişaf perspektivlərini necə görürsünüz? Yaxın gələcəkdə bu təşkilat çərçivəsində hansı təşəbbüslər və layihələr ola bilər?

- GUAM kifayət qədər maraqlı və həyat qabiliyyətli bir təşkilatdır. Yaxın günlərdə GUAM parlament spikerlərinin görüşü baş tutmalıdır. Ayın sonunda isə milli əlaqələrdiricilər görüşəcəklər. Ümid edirik ki, fevralın 1-dən yeni baş katib öz öhdəliklərini tam həcmdə icra etməyə başlayacaq. Ona görə də məsələlərin çoxunu razılaşdırmışıq. Mən GUAMA-a, onun bu günü və sabahına də inanıram.

- Bir neçə gün bundan qabaq Danimarkada bütün müsəlmanların peyğəmbəri yenidən təhqir olunub. Bununla bağlı İKT-nin reaksiyası necədir?

- İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakı bəyannaməsi Kütləvi İnformasiya Vasitələri və tolerantlıq üzrə forumun keçirilməsini nəzərdə tutur. Forum İKT çərçivəsində keçiriləcək. Konfrans həmçinin Avropa Birliyi, ATƏT kimi beynəlxalq təşkilatlar üçün də maraq doğurur. Ona görə də biz dialoq təşkil etmək üçün konfransın formatı üzərində işləyirik. Ən azı bir-birimizi dinləməyi öyrənməyə başlamalıyıq. Dinləməyi bacarmaq çox böyük qabiliyyətdir, daha yaxşısı isə bir-birimizi dinləməkdir və biz buna getməliyik. Bu, dünyada mövcud olan ən ciddi çağırışlardan biridir.

- Gürcüstan NATO ilə intensiv dialoqa başlayıb. Azərbaycanın da bu cür niyyəti varmı? Bu məsələ prezident İlham Əliyevin Brüsselə səfəri zamanı müzakirə olunacaqmı?

- NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsinin bu yaxınlarda Azərbaycana etdiyi səfəri zamanı mən anladım ki, Azərbaycan və NATO arasında mövcud olan qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Azərbaycanla NATO arasında fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı 10 il üçün nəzərdə tutulub və biz onu uğurla yerinə yetiririk. Plan öz-özlüyündə kifayət qədər böyükdür və orada nəinki Müdafiə Nazirliyinə, həm də digər güc strukturlarına, eləcə də Xarici İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Sərhəd Xidmətinə və digər idarələrə aid bir çox məsələlər var. Və bu planda çox şeyləri biz özümüz etməliyik. Ümumiyyətlə, işlər qrafik üzrə gedir. Amma məqamın həssaslığını nəzərə alsaq, hesab edirəm ki, hadisələri qabaqlamağımız lazım deyil.

Xəbər lenti

Xəbər lenti