Türkiyənin İzmit, İzmir, Muğla, Antalya, Balıkesir, Ankara, Manisa, Edirne, Adana və İstanbul şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları birgə mətbuat konfransı keçirərək, Fransa parlamentinin aşağı palatasında qondarma erməni soyqırımını inkar edənlərə qarşı cinanı nəzərdə tutan qanun qəbul edilməsinə etirazlarını bildiriblər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan icmalarının yaydığı birgə bəyanatda qeyd olunub ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş erməni silahlı birləşmələri çox yaxın keçmişdə - 1992-ci ilin fevralında Xocalı şəhərində yüzlərlə insanın ölümünə, min nəfərdən çoxunun itkin düşməsinə, sağlamlığını itirməsinə səbəb olan soyqırım aktı törədiblər. Dünya ictimaiyyəti analoqu olmayan bu soyqırım aktına layiqli qiymət verməli, cinayətkarların və terrorçuların cəzalandırılmasına nail olmalıdır.
Bəyanatda həmçinin bildirilir ki, Ermənistanın işğalçı siyasəti nəticəsində hazırda bir milyona yaxın azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb və beynəlxalq ictimaiyyət hələ də bu məsələyə qəti münasibətini bildirməyib. Azərbaycan icmaları erməni terrorçularının müasir dövrdə törətdikləri cinayətlərə göz yuman Fransa parlamentinin yüz il bundan əvvəl baş verdiyi iddia olunan, lakin tarixi faktlarla təsdiqini tapmayan "soyqırım" yalanları barədə qanun qəbul etməsinin heç bir məntiqə sığmadığını bəyan ediblər: "Fransaya var gücümüzlə səslənirik: "erməni soyqırımı" yoxdur" - deyə sənəddə bildirilir.