...

"Regionlarda baş vermiş sosial-iqtisadi dəyişikliklər: nailiyyətlər və problemlər" adlı statistik tədqiqat aparılıb

Siyasət Materials 26 Oktyabr 2006 16:31 (UTC +04:00)

Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində "Regionlarda baş vermiş sosial-iqtisadi dəyişikliklər: nailiyyətlər və problemlər" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə Azərbaycanın sosial-iqtisadi inkişafı üçün görülən və həyata keçirilməli olan işlər barədə danışılıb, bir sıra təkliflər irəli sürülüb.

Azərbaycanda Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Onun fikrincə, bu istiqamətdə "2004-2008-ci illər ərzində regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı ilk addım hesab oluna bilər. Eyni zamanda, bu proqramın respublikanın ümumi regional inkişaf məsələlərinin həlli kimi qəbul olunması da düzgün deyil.

Ç.İsmayılov qeyd edib ki, Azərbaycanda Regional İnkişaf Mərkəzi "Regionlarda baş vermiş sosial-iqtisadi dəyişikliklər: nailiyyətlər və problemlər" adlı statistik, müqayisəli tədqiqat aparıb. Tədqiqatda əsasən, respublikada və regionlarda baş vermiş dəyişikliklər və onların sosial-iqtisadi nəticələri təhlil edilib. Məsələn, Azərbaycan ərazisinin cəmi 3,9%-ni təşkil edən Abşeron iqtisadi rayonu ölkəmizdə istehsal olunan sənaye məhsulunun 80%-i verir. Aran rayonu istisna olmaqla, digər rayonların payına cəmi 14% ümumrespublika sənaye məhsulu düşür. Belə vəziyyətdə, Abşeron rayonunda texnoparkın və sənaye zonasının yaradılması ideyalarının həyata keçirilməsi ölkənin regional inkişaf siyasətinə zidd addımdır.

Tədbirdə digər iştirakçılar da qeyd ediblər ki, Azərbaycanın regional inkişafında əsas istiqamətlər müəyyən olunmalıdır. Məhz belə mərkəzlər respublikanın regional inkişaf strategiyasının əsasını təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti