Noyabrın 29-30-da Bakıda Beynəlxalq ictimai gənclər təşkilatlarının "GUAM ölkələrinin gənclər forumu" adlı I konqresi keçiriləcək. Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin başçısı Raqif Abbasovun Trend ə verdiyi xəbərə görə, konqresdə təşkilatın bütün üzv-ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı gözlənilir.
Konqres iştirakçılarının gəlişi noyabrın 28-ə planlaşdırılıb. Nazirlik nümayəndəsinin sözlərinə görə, hər bir ölkəni 8 nümayəndə təmsil edəcək. Nümayəndə heyətlərinə iştirakçı-ölkələrin gənclər siyasətinə görə məsul olan qurumların nazir müavinləri səviyyəsində vəzifəli şəxsləri rəhbərlik edəcək.
Noyabrın 29-da saat 10.00-da forum iştirakçıları Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcəklər. 11.30-da nümayəndə heyəti Heydər Əliyev Fonduna baş çəkəcək. Elə həmin gün saat 15.00-da Hyyat Recensi otelində konqresin açılışı olacaq, sonra isə işi işçi qrupları davam etdirəcək.
R.Abbasovun sözlərinə görə, gündəliyə GUAM gənclər təşkilatları Forumunun Nizamnaməsinin son variantının hazırlanması, Forumun Fəaliyyət planının və əməkdaşlıq mexanizmlərinin hazırlanması daxildir. Noyabrın 30-da Konqres öz işini Forumun sədrinin, müavininin və baş katibinin seçilməsi, Konqres qətnaməsinin, GUAM ölkələrinin dövlət başçıları və parlamentarilərinə müraciətin, bəyannamənin hazırlanması ilə davam edəcək.
15.00-da Konqresin işi yekunlaşdırılacaq, sənədlər - Nizamnamə, Qətnamə və Müraciət imzalanacaq. Sonda mətbuat konfransı keçiriləcək.