...

AYIB prezidenti Jan Lemyer: Avropa bankı Azərbaycanın qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır

Siyasət Materials 28 Noyabr 2006 11:47 (UTC +04:00)
AYIB prezidenti Jan Lemyer: Avropa bankı Azərbaycanın qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır

Trend in Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyerlə eksklüziv müsahibəsi:

- 2006-cı ilin yekunları üzrə Avropa bankı Azərbaycanda inflyasiyanın hansı səviyyədə olacağını ehtimal edir və Siz ölkədəki makroiqtisadi vəziyyətin nə qədər sabit olduğunu hesab edirsiniz?

- Biz ehtimal edirik ki, 2006-cı ilin sonunadək Azərbaycanda inflyasiya 11% təşkil edəcək. Ölkənizin iqtisadiyyatı enerji sektorundan çox asılıdır və enerji risklərinə məruz qalır.
Uzunmüddətli sabitlik üçün iqtisadi diversifikasiya əhəmiyyətli rol oynayır. Azərbaycanda neft ixracının xeyli artması, ölkə daxilində sonradan tələbatın çoxalması və bununla əlaqədar əmək haqqının yüksəlməsi inflyasiyaya təzyiq göstərməkdə davam edir. Eyni zamanda böyük gəlir və yoxsulluğun yüksək səviyyəsinin kontekstində xərclərin uzunmüddətli siyasətinin qurulması hökümətin başlıca vəzifəsidir.

- AYİB əvvəl Azərbaycanın informasiya - kommunikasiya texnologiyaları sektorunda bankın iştirak spektrinin genişləndirilməsi niyyətində olduğunu bildirib. Ölkənin Rabitə Nazirliyi hazırda IT texnologiyalarının inkişafı üzrə xüsusi zonaların yaradılması məsələsini fəal surətdə öyrənir. Avropa bankı Azərbaycanda belə iqtisadi zonaların inkişafı üçün nə təklif edə bilər və AYİB hansı digər layihələrin hesabına ölkə iqtisadiyyatının bu sahəsində iştirakını genişləndirməyi ehtimal edir?

- Biz sizin ölkədə bu sahədə planlaşdırılmış islahat prinsiplərinə dəqiq riayət edərək, Azərbaycanda informasiya -telekommunikasiya sektorunun inkişafını dəstəkləyəcəyik. İndiyədək Azərbaycanın informasiya -telekommunikasiya sektorundakı islahatların nəticələri yaxşı olmayıb və AYİB iştirak üçün əlverişli imkanlar görmürdü. Buna baxmayaraq, Bank hələ də bu sahəyə sərmayə qoymağa hazırdır.
AYİB-in hansısa ayrıca sektora qoyulan sərmayələri bankın iqtisadiyyatın digər sektorlarına qoyduğu ümumi sərmayə axınından asılı deyil. Hazırda AYİB-in Azərbaycanda maliyyələşdirmə üçün yeganə praktiki narahatlığı gəlirlilik, transparentlik və korporativ idarəetmə meyarlarına uyğun layihələrin müəyyənləşdirilməsidir.

- Sizin fikrinizcə, neft ixracından əldə olunmuş və hazırda Dövlət Neft Fondunda toplanan vəsaitləri Azərbaycan iqtisadiyyatının hansı sahələrinə qoymaq lazımdır?

- AYİB, Azərbaycan üçün ölkə strategiyasında göstərildiyi kimi, Azərbaycanda, xüsusilə də ölkə bölgələrində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. O cümlədən, bank bölgələrdə mikro, kiçik və orta müəssisələrin və ticarətin maliyyələşdirilməsinin əlavə mexanizmlərini axtarır, kənd təsərrüfatı biznesinə və sənayenin başlıca sahələrinə diqqət ayırır. Neft və qaz işlənməsinə qoyulan sərmayələrdən başqa, həmçinin YEK-in xidmət sahəsinə xüsusi diqqət ayırmaq lazımdır. Hazırda bölgədə buna böyük tələbat var.

- AYİB Direktorlar şurası Azərbaycan Dəmir Yolu (ADDY) üçün depoda lokomotivlərin xidmət bazasının yaradılması üçün kredit sazişinə baxılma müddətini artıq dəfələrlə təxirə salır. Sonuncu dəfə vaxt 2007-ci il martın 20-nə keçirilib. Sizcə, bunun səbəbi nədir - bank daxilində təşkilati məsələlər və ya AYİB-in hələ sona qədər ADDY üçün kreditin ayrılma perspektivlərini öyrənməməsi?

- Bu layihə qəti olaraq 2006-cı ilin yanvar ayında müzakirə edilib. Layihənin təxirə salınma səbəblərindən biri Azərbaycan hökümətinin kreditin məbləğini 50 mln. ABŞ dollarından 30 mln. ABŞ dollarına qədər azaltmaq xahişi idi. Dövlət dəmir yolu özü bəzi lokomotivləri maliyyələşdirmək istədi. Bu o demək idi ki, layihə yenə də AYİB Direktorlar şurası tərəfindən baxılmaq üçün təxirə salınıb.
Avropa bankı Dövlət dəmir yolu şirkətini etibarlı tərəfdaş sayır və hesab edir ki, layihə keçid dövrü ilə bağlı problemləri nəzərə alacaq. AYİB ümid edir ki, bu şirkəti maliyyələşdirərək, ona maliyyə strukturu və idarəetmədə beynəlxalq standartlara uyğunlaşmağa yardım edəcək.

- Ukraynada əsasən enerji və nəqliyyat sahəsində layihələrin inkişafı üçün AYİB 2007-ci ildə maliyyələşdirməni 1 mlrd. avroya qədər artırmağa hazırdır. Bank konkret layihələri müəyyənləşdiribmi və Sizin fikrinzcə, AYİB vəsaitləri hesabına Ukraynada iqtisadiyyatın hansı digər sahələrini inkişaf etdirmək lazımdır?

- Hazırda Ukrayna üçün planlaşdırılmış layihə 1,5 mlrd. avro məbləğində qiymətləndirilir. O cümlədən nəqliyyata - 40 mln. avro, daşınmaz əmlak və turizmə - 250 mln. avro, təbii ehtiyatlara - 300 mln. avro, infrastruktura - 80 mln. avro, sənayenin əsas sahələrinə - 250 mln. avro, maliyyə müəssisələri və enerji sahəsinə - 250 mln. avro lazımdır.
Bank və Ukrayna 2007-2008-ci illər üçün ictimai sektorda AYİB-in Ukrayna ilə əməkdaşlığı haqqında Proqramı razılaşdırmaq üçün 2006-cı il dekabr ayının ortalarında görüşəcəklər. Proqram ümumi şəkildə xüsusi layihələri müəyyənləşdirəcək. AYİB nəqliyyat, enerji və bələdiyyə sektorlarındakı layihələri həmmaliyyələşdirə bilər.

- Qazaxıstan Qərbi Avropanı Çinlə birləşdirəcək transmilli avtomobil yolunun tikilməsində iştirak etmək niyyətindədir. AYİB bu layihənin maliyyələşdirməsində iştirak etməyə hazırdırmı?

- AYİB -ə həqiqətən də Qazaxıstan höküməti tərəfindən böyük əhəmiyyətə malik bu yol layihəsinin bir hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirmək təklif olunub. Biz bu işdə maraqlı olduğumuzu bildirdik və indi Qazaxıstanın hökümət orqanları və bu layihələrlə məşğul olan digər beynəlxalq maliyyə müəssisələri ilə danışıqlar aparırıq. Lakin hələ bu yolun iqtisadi cəlbediciliyi, bu layihənin miqyası və ya AYİB-in iştirakının həqiqiliyi haqqında danışmaq çox tezdir.
Lakin biz Qazaxıstanın infrastrukturunun yaxşılaşdırılmasında ona yardım etməkdə davam edirik və yaxın illərdə əsas diqqəti Qazaxıstanın nəqliyyat sektoruna yönəldəcəyik.

- AYİB-in Gürcüstanda iş üzrə yeni Strategiyası çərçivəsində bank ölkə iqtisadiyyatının hansı sahələrini inkişaf üçün prioritet sayır? Bunlar, məsələn, tullantıların emalı və su təchizatı kimi yerli miqyaslı layihələr olacaqmı, yoxsa başlıca diqqət Gürcüstan ərazisindən keçməklə enerji daşıyıcıları tranzitinin səmərəliliyinin yüksəldilməsinə yönəldiləcək?

- Enerji sektorunun Gürcüstanın və bölgənin siyasi, sosial və iqtisadi sabitliyi üçün əhəmiyyətini nəzərə alaraq, bank bütün diqqətini enerji təhlükəsizliyi və enerji səmərəliliyinin gücləndirilməsinə cəmləyir. Nümunə kimi bir faktı göstərmək olar ki, II İnquri elektrik stansiyasının bərpasının tamamlanması Bank üçün prioritet olaraq qalır və işlərə artıq başlanılıb. Bank mini SES kimi bərpa olunan enerji ehtiyatları layihələrini dəstəkləyərək, fəal şəkildə sərmayə qoyuluşunda iştirak edəcək.
Mühüm bələdiyyə və digər infrastrukturların, eləcə də dövlət müəssisələrinin dəstəklənməsi məhv olmaqda olan maddi infrastrukturun qaydaya salınmasında böyük əhəmiyyətə malikdir. Məsələn, biz Acarıstanda sərt tullantılar prosesinin qaydaya salınmasına, Tbilisi metrosu və Batuminin nəqliyyat sisteminin bərpa olunmasına sərmayə qoymağı planlaşdırırıq. Bank həmçinin Tbilisi, Rustavi və Borjomidə su təchizatının qaydaya salınması üzrə Millennium Challenge Corporation kimi donorlarla işləyir.
Biz həmçinin kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə diqqət ayıracağıq. Özəl biznesin inkişafını dəstəkləmək üçün kiçik və orta müəssisələrin sonradan kreditləşdirilməsi məqsədilə yerli tərəfdaş-banklara kredit xətləri təqdim edirik. Bank həmçinin bu yaxınlarda təqdim edilmiş Həmmaliyyələşdirmənin orta mexanizmi, Yeni Birbaşa kreditləşdirmə mexanizmi, Ticarətə yardım proqramı kimi maliyyələşdirmənin digər mexanizmlərindən istifadə edir.
Bank əsas diqqəti əsasən kənd təsərrüfatı sektorunda kiçik və orta müəssisələrin daha çox maliyyələşdirilməsi vasitəsilə ölkənin kənd yerlərinin yaxşılaşdırılmasına yönəldir.
Biz həmçinin bankın maliyyə sektorunda inkişafını genişləndirmək istəyirik. Yerli bankların əməliyyatlarını yaxşılaşdırmaq və transparentlik, korporativ idarəetmə məsələlərinə xüsusi diqqət ayırıb, onları beynəlxalq standartlara uyğunlaşdıraraq, həmin bankların səhm kapitalına vəsait qoymağa çalışacağıq. Bank həmçinin icarə, sığorta və özəl təqaüd sisteminə xüsusi diqqət verərək, qeyri-bank maliyyə sektorunun inkişafında öz rolunu oynamağa çalışacaq.
Bank enerji sektoruna və orta, kiçik və mikro-müəssisələrin inkişafına diqqət verərək, hökümət orqanları ilə siyasi dialoqu davam etdirəcək və gücləndirəcək...

Xəbər lenti

Xəbər lenti