...

Azərbaycanın BMT-dəki nümayəndəsi: GUAM qətnaməsinin BMT Baş Assambleyasında müzakirəsi GUAM-ın öz qərarı ilə təxirə salınıb

Siyasət Materials 6 Dekabr 2006 14:18 (UTC +04:00)
Azərbaycanın BMT-dəki nümayəndəsi: GUAM qətnaməsinin BMT Baş Assambleyasında müzakirəsi GUAM-ın öz qərarı ilə təxirə salınıb

GUAM qətnaməsinin dekabrın 6-na təyin olunmuş BMT Baş Assambleyasında müzakirəsi GUAM-ın özünün qərarı ilə təxirə salınıb. Bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi Aqşin Mehdiyev KİV-in müzakirələrin təxirə salınması ilə bağlı məlumatını şərh edərkən Trend ə eksklüziv olaraq bildirib.

O qeyd edib ki, son həftələr ərzində GUAM ölkələri arasında müxtəlif səviyyələrdə məsləhətləşmələr baş tutub və bu məsləhətləşmələrin nəticələrinə görə bu məsələnin müzakirəsinin bir qədər təxirə salınmasına dair yekdil qərar qəbul olunub. A.Mehdiyev vurğulayıb ki, qərar gələcək müzakirələrə daha yaxşı hazırlaşmaq və məhz GUAM ölkələrinin bu təşəbbüsü irəli sürərkən nəzərdə tutduqları nəticələrin əldə edilməsinə yönəlib.

"Mən düşünürəm ki, buna sakit yanaşmaq lazımdır, çünki hətta məsələnin indiki halında da GUAM-ın bu təklifi ətrafındakı vəziyyəti cəsarətlə bu ölkələrin böyük uğuru kimi səciyyələndirmək olar. Mən təfərrüatlara varmayacağam, lakin siyasətlə məşğul olanlar və ya vəziyyətdən bir az məlumatı olanlar mənim nə demək istədiyimi başa düşəcəklər. Təxirə salınma haqqında qərar daha çox texniki məsələlərlə bağlıdır, buna görə də onu ilk növbədə məhz bu müstəvidə nəzərdən keçirmək lazımdır", - deyə səfir bildirib.

A.Mehdiyev bildirib ki, bu qərar GUAM çərçivəsində məsləhətləşmələrin nəticəsidir: "Ayrı-ayrı ölkələrin mövqeyinə gəlincə, sizə deyə bilərəm ki, bir çox dövlətlər bu təşəbbüsə anlayışla yanaşırlar və artıq qətnamənin mətni üzərində işləməyə hazır olduqlarını bildiriblər. Əlbəttə, elə ölkələr də var ki, xoşbəxtlikdən onları barmaqla saymaq olar, onlar bu təşəbbüsü qəbul etmir və məsələnin irəliləməsinə mane olmaq üçün əllərindən gələni edirlər. İlk növbədə, bu, ermənilərə aiddir. Lakin mən ermənilərin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, düşünülmüşlərin hamısının uğurla həyata keçiriləcəyinə şübhə etmirəm", - deyə Azərbaycanın BMT-dəki xüsusi nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti