Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev və Daxili Qoşunların (DQ) baş komandanı Nikolay Roqojkinin Azərbaycana səfərinin proqramı açıqlanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən məlumat verilib.
Dekabrın 21-də Bakıya gələcək nazirlə DQ-nin baş komandanı səfərə eks-prezident Heydər Əliyevin məzarının ziyarəti ilə başlayacaq. Daha sonra qonaqları Azərbaycanın daxili işlər naziri Ramil Usubov qəbul edəcək.
Dekabrın 22-də isə R.Nurqaliyevin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan DİN Daxili Qoşunlarının (DQ) komandanı Zakir Həsənov qəbul edəcək. Həmin gün rusiyalı qonaqlar DQ-nin hərbi hissələrinə baş çəkəcəklər.
Rusiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyevin də qəbul edəcəyi bildirilir.
Səfər dekabrın 23-də başa çatacaq.