...

Azərbaycan nümayəndəsinin məruzəsi Avropa Şurasında təsdiqlənib

Siyasət Materials 17 Mart 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Parisdə keçirilən iclasında Avropanın bu günü və gələcəyi ilə əlaqədar yeddi mühüm məruzənin mətni və qətnamə layihəsi müzakirə olunaraq qəbul olunub. Bu barədə Daimi Komitənin iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

Məruzələri AŞPA-nın 5 daimi komitəsi təqdim edib.

İclasda Rafael Hüseynovun məruzəsi də müzakirə olunub. Həmin məruzə AŞPA-nın qış sessiyasında Elm, Təhsil və Mədəniyyət Komitəsinin yığıncağında yekun olaraq müzakirə edilib və təsdiqlənib. Daimi Komitənin yığıncağında qətnamə layihəsi təsdiq edilmək üçün müzakirəyə çıxarılıb.

Qəbul edilən qaydalara əsasən, hər məruzəçi məruzənin təqdimindən öncə ayrıca məruzə ilə çıxış etməlidir. R.Hüseynov da "Avropada peşəkar jurnalistika təhsili və təlimi" mövzusunda məruzəsini təqdim edərkən deyib ki, Avropa Şurası söz, mətbuat azadlığını, mətbuat işçilərinin hüquqlarını qoruyan əsas beynəlxalq təşkilatlardan biridir. Lakin AŞ-nin jurnalistika praktikasını, xüsusilə yeni müstəqillik əldə etmiş ölkələrdə gənc jurnalistikanın inkişafını tənzimləmək və istiqamətləndirmək üçün faydası çox ola bilər. Buna görə də deputat müştərək dərsliklərin yaradılması, Avropanın tanınmış jurnalistika mütəxəssislərinin və jurnalistlərinin, həmçinin siyasətçilərinin AŞ-nin ustad dərsləri təşkil etməsinin zəruriliyini vurğulayıb.

AŞPA-nın Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri, fransalı deputat Jak Lejandr müzakirələrdə çıxış edərək, Azərbaycanın Avropada mətbuatın gələcək inkişafına göstərdiyi diqqəti, hazırlanan məruzənin bir tərəfdən komitənin fəaliyyətinin müsbət nəticəsi kimi, digər tərəfdən Azərbaycanın AŞ ilə əməkdaşlıq çərçivəsində gördüyü işlərin ən əhəmiyyətli uğurlarından biri kimi qiymətləndirib.

Bundan başqa, iclasda rusiyalı deputat Vera Oskinanın "Cənubi Qafqazda qadınların vəziyyəti" məruzəsi də müzakirə olunub. Məruzədə azərbaycanlı qadınlarla bağlı bəzi məqamlara toxunulur, Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı yeri ilə əlaqədar məruzəçinin apardığı müşahidələr məruzənin ayrı-ayrı bəndlərində əksini tapıb.

R.Hüseynov Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan qadınlarının müəyyən bir hissəsinin qaçqın və məcburi köçkünə çevrildiyini deyib, onların müharibənin törətdiyi faciələrlə üzləşdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti