...

Siyavuş Novruzov: Bundan sonra da YAP Nizamnaməsinə zidd hərəkət edənlər barəsində konkret tədbir görüləcək

Siyasət Materials 28 Mart 2007 16:51 (UTC +04:00)
Siyavuş Novruzov: Bundan sonra da YAP Nizamnaməsinə zidd hərəkət edənlər barəsində konkret tədbir görüləcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/

Hakim Yeni Azərbaycan Partiyas (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Trend Agentliyinə müsahibəsi

- İki nazirin həbsindən sonra son zamanlar YAP-a qarşı digər tanınmış üzvlərin etiraz etməsi mərkəzdənqaçma prosesi kimi də qiymətləndirilir. Partiya daxilində hansı proses baş verir?

- Hazırda partiyada mərkəzdənqaçma halları yoxdur. Partiya stabil inkişafdadır. YAP-ın Siyasi Şurasının son iclasında 2006-cı ilin yekunları ilə bağlı müzakirələr aparıldı və illik yekun qənaətbəxş hesab olundu. Təkcə ötən il 50 mindən çox insan YAP-ın sıralarına qoşulub. Ümumilikdə partiyanın 400 min üzvü var. Görülən işlər nəzərdən keçirildi. Həmçinin qarşıdakı seçkilərdə iştirak məsələsi də müzakirə edildi. Ayrı-ayrı fərdlərin nəsə deməsi heç də partiya daxilində hansısa proseslərin baş verməsi demək deyil. O adamların partiya həyatından xəbərləri yoxdur, demək olar ki, ötən seçkidən indiyədək YAP-la əlaqələri yoxdur. Sirus Təbrizli və Əli Əlirzayevin iki ildir ki, pariya ilə əlaqələri yoxdur, ona görə də YAP-ın fəaliyyətinə hər hansı qiymət verə bilməzlər. O cümlədən də müxalifət partiyaları və digər ekspertlər.

- Əli Əlirzayevin və digərlərinin partiyadan uzaqlaşdırılması gözlənilirmi?

- YAP-da hər zaman fikir azadlığı dəstəklənir, kimin alternativ fikirləri varsa, ona hörmətlə yanaşılır. Həmçinin YAP-da ciddi nizam-intizam hökm sürür. Əgər hansısa partiya üzvünün fərqli fikirləri varsa, gəlib İdarə Heyətində, Siyasi Şurada, icra katibliyində sözünü deyə bilər. Amma gedib qəzetlər vasitəsilə mesaj verməsi düzgün deyil və Nizamnaməyə ziddir. Bundan sonra da YAP-ın Nizamnaməsinə zidd hərəkət edənlərin barəsində konkret tədbir görüləcək. Ola bilər Əli Əlirzayev daşqa cür düşünür, hər bir fikrə hörmətlə yanaşmaq lazımdır. Amma yenə deyirəm, Nizamnamənin tələblərini pozan şəxslər barəsində dərhal qəti qərarlar veriləcək.

- Sirus Təbrizlinin YAP-dan xaric edilməsi barədə qərar çıxarılmazdan əvvəl nə baş vermişdi? Onun YAP-dan uzaqlaşdırılmasına partiyanın əleyhinə çıxış etməsi səbəb oldu?

- Sirus Təbrizli sonuncu dəfə YAP-ın 2005-ci ilin mart ayında keçirilmiş qurultayında iştirak edib. İki ildən artıqdır, o, pariyanın işlərində, tədbirlərində, İdarə Heyətinin, Siyasi Şuranın iclaslarında, konfranslarda iştirak etməyib. Partiyanın Nizmnaməsinin 6-cı bəndində partiya üzvünün vəzifələri göstərilib. Üzvlük vəzifələrinin yerinə yetirilməməsi ilə əlaqədar Siyasi Şura öz qərarını çıxara bilər. Nizamnamənin 6-cı bəndinin yalnız bir maddəsi üzvlük haqqının verilməsi ilə bağlıdır, qalan beş maddəsi partiyanın siyasi kursunun həyata keçirilməsində, təşkilatlanmada yaxından iştirak etmək, partiyaya layiq davranışlar göstərmək və s. bu kimi vəzifələri nəzərdə tutur. Nizamnamənin bu tələblərini rəhbər tutaraq, Siyasi Şura Sirus Təbrizli barəsində qərarını qəbul etdi.

- Hər bir hərəkətin, narazılığın arxasında səbəblər dayanır. Sirus Təbrizli, sizcə, nə istəyirdi?

- Bunu ancaq özü bilir. Sirus Təbrizlinin "xalq", "xalq" deyib tənqidi ittihamlar səsləndirməsi yanlışdır. Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılır, quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır. İlham Əliyev prezident seçiləndən indiyədək dövlət büdcəsi üç dəfə artıb. Bunları başa düşməmək mümkün deyil. Əgər bunu başa düşürsə, o zaman əslində nə istədiyini özündən soruşun.

- Belə fikirlər dolaşır ki, yaxın zamanlarda hakimiyyətdə təmsil olunan başqa şəxlər də bu komandanı tərk edəcək. Yeni adamların hakim komandadan getməsi və müxalifətə keçməsi ehtimalı varmı?

- Sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyev konkret cinayət əməllərinə görə məsuliyyətinə cəlb olunublar. Onlar müxalifətə keçmək istəyirdilərsə, vaxtında öz vəzifələrindən istefa verib keçəydilər. Cinayətdə əli olduğuna və həbs edildiklərinə görə müxalifətə keçmələrini bəyan etmələri yanlışdır. Onlar sadəcə olaraq cinayətkardırlar, məhkəmə də prosesin sonunda öz qərarını verəcək.

Azərbaycan iqtidarı stabil, möhkəm, güclüdür. İqtidardan müxalifətə keçərək nəsə etmək istəyənlərin arzuları isə xülyadır. Prezident İlham Əliyev dəfələrlə hökumətin toplantılarında, nazirlərin iştirakı ilə müşavirələrdə bəyan edib ki, qapı açıqdır. Kim istəyirsə, gedə bilər. Kim bu kursu dəstəkləmirsə, narazıdırsa, gedib başqa partiyalara qoşula bilər, yaxud müstəqil fəaliyyət göstərə bilər. Burada qeyri-adi heç nə yoxdur. Kimsə müxalifətə keçəcəksə, müxalifətdə olub nə edəcəklər? Müxalifətin indiki vəziyyətini görən, ağlı başında olan adam bugünkü müxalifətin heç adını belə çəkməməlidir. Müxalifətdəkilər özləri iqtidarla əməkdaşlığa can atırlar. İqtidardan müxalifətə keçənlər gedib orada nə ilə məşğul olacaqlar?

- Məhz belə qərarlara görə bu cür fikirlər formalaşır ki, YAP rəhbərliyi inzibati cəza metodları tətbiq etməklə narazılıqların qarşısını almaq istəyir. S.Təbrizli ilə bağlı qərarda bunun elementləri varmı?

- Qəti şəkildə yoxdur. Siyasi Şuranın ezamiyyətdə olan üzvlərindən başqa əksəriyyəti iclasda iştirak edib. Siyasi Şuranın qərarı üzvlər tərəfindən yekdilliklə dəstəkləndi. Hər biri bu məsələyə öz münasibətini bildirdi. Əksinə, onlar partiya rəhbərliyindən tələb etdilər ki, Nizamnaməni pozanlar barəsində qəti tədbirlər görülsün.

- Sirus Təbrizlinin açıq şəkildə tənqidi fikirlər səsləndirməsindən sonra Milli Məclisdə də qalmaqal baş verdi və narazı deputat Hüseyn Abdullayev bu gün həbsdədir. Bunlar eyni prosesin tərkib hissəsidirmi?

- Bəzi insanlar hesab edirlər ki, bu hadisələr eyni mərkəzdən idarə olunur, bəziləri düşünür ki, təsadüfdən baş verir. İstər eyni mərkəzdən, istər təsadüfdən olsun, bizim üçün qanunun tələbləri əsasdır. Parlament də qanunun tələblərini əsas götürdü, qərar çıxardı. YAP da öz Nizamnaməsinin tələblərini rəhbər tutaraq buna uyğun qərarlar çıxarır. Kim istəyir qruplaşsın, yaxud müxalifətə keçin, bu, bizim üçün əsas şərt deyil. Əsas şərt qanunun aliliyinin qorunmasıdır.

- Hüseyn Abdullayevin həbsi ilə bağlı məsələ AŞPA-nın aprel sessiyasında gündəliyə salına bilər. Bu, Azərbaycan üçün əlavə problemlər yarada bilərmi?

- Mən hesab etmirəm ki, bu məsələ problem yaradacaq. Bu, konkret hərəkətlə bağlı cinayət işidir və hələ araşdırılmalıdır. Bu məsələnin AŞPA-da müzakirəyə çıxarılmasını, beynəlxalq təşkilatların səviyyəsinə qaldırılmasını məqsədəuyğun hesab etmirəm.

Xəbər lenti

Xəbər lenti