...

Müxalifətyönlü partiyanın sədri ATƏT-in Bakıdakı səfirini ayrı-seçkilik etməkdə günahlandırır

Siyasət Materials 8 İyun 2007 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herreroya cümə günü etiraz məktubu ünvanlayıb. Bu barədə VHP-dən məlumat verilib.

Məktubda deyilir ki, bir neçə gün öncə Bakıda səfərdə olan ATƏT sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos və ATƏT PA-nın sədri Qoran Lenmarkerin Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatların rəhbərləri ilə keçirdiyi görüşə VHP dəvət olunmayıb. Rüstəmxanlı qeyd edib ki, ATƏT-in Bakı ofisinin siyasi partiyalarla qurduğu münasibətləri, həmçinin keçirdiyi görüşlərdəki prinsipləri anlaşılmazdır: "Əgər ATƏT-in Bakı ofisi müzakirələrin parlament partiyaları ilə aparılmasına tərəfdardırsa, onda VHP bu görüşlərə mütləq dəvət olunmalıdır, çünki partiya Milli Məclisdə üç deputatla təmsil olunur. Yox, əgər bu prinsip partiyaların seçkilərdə iştirakı və topladığı səslərlə müəyyənləşirsə, VHP 1995, 2000 və 2005-ci illər parlament, 1999 və 2004-cü illər bələdiyyə, həmçinin 2003-cü ildə prezident seçkilərində öz namizədi ilə iştirak edib, yüksək göstəricilər əldə edib. Əgər ATƏT müxalifət partiyalarının ictimai nüfuzunu və elektoratını əsas götürürsə, VHP-nin sıralarında 26 mindən artıq üzv birləşir, partiyanın Azərbaycanın 64 rayonunda yerli təşkilatları fəaliyyət göstərir, özünün qəzeti, jurnalı dərc olunur, həmçinin partiya MSK-da təmsil olunur"-deyə Rüstəmxanlı ATƏT diplomatını məlumatlandırıb.

VHP sədrinin sözlərinə görə, ATƏT-in təşəbbüsü ilə keçirilən görüşlərə dəvət alan partiyalardan elələri var ki, nə parlamentdə təmsil olunur, nə bölgələrdə yerli təşkilatları var, nə üzvlərinin sayı 100 nəfəri aşır, nə rəsmi dövlət qeyddiyyatından keçib, nə də hansısa seçkidə iştirak edib.

Rüstəmxanlının fikrincə, ATƏT-in Bakı ofisi Azərbaycanda öz maraqlarına cavab verən müəyyən siyasi qrupların inkişafına şərait yaratmağa çalışır. Həmin siyasi qüvvələrin ictimai nüfuzunu qaldırmaq yolunu tutur, həmin maraqların içində korrupsiya, maliyyə, siyasi sifariş və s. maraqların gizləndiyi sezilir: "Deməli, sizə Azərbaycanın demokratik inkişafında maraqlı olanlar yox, siyasi sifarişlərinizi icra edənlər daha çox lazımdır. Bu, nə təbliğ etdiyiniz demokratik prinsiplərə, nə Qərb ideyalarına, nə insan haqlarına, nə ATƏT-in prinsiplərinə qətiyyən uyğun deyil"-deyə millət vəkili ATƏT diplomatına iradını bildirib.

Müxalifətyönlü VHP-nin sədri, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə Azərbaycanın mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti