Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ötən ay Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 31 halda 49 sərhəd pozucusu saxlanılıb. Tutulan sərhəd pozucularının 13-ü Azərbaycan, 21-i İran, 7-si Gürcüstan, 3-ü İraq, 2-si Rusiya, 2-si Türkiyə və biri Pakistan vətəndaşlarıdır. Onların 30 nəfəri dövlət sərhəd zastavalarının xidməti sahəsini pozarkən, 19-u dövlər sərhədini buraxılış məntəqələrindən keçərkən və ya keçmək istəyərkən saxlanılıb. 11 nəfər saxta sənədlə, 6-sı özgəsinə məxsus sənədlə, 2 nəfər gizli şəkildə keçmək istəyərkən yaxalanıb.
Ay ərzində 54 Azərbaycan vətəndaşı sərhəd rejim qaydalarını pozduqları üçün sərhəd zastavalarının xidməti sahəsində, müxtəlif ölkələrdən olan 32 əcnəbi müvafiq sənədləri olmadığına və sərhəd nəzarət məntəqələrində, Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin 111 vətəndaşı vizaları olmadığına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Rusiyaya məxsus 4 gəmi, Azərbaycana məxsus 11 gəmi və 7 qayıq saxlanılaraq baxış keçirilib. Azərbaycan sularında üzərkən Rusiyaya məxsus "Mahaçqala-Ov rayonu" marşrutu ilə üzən Rusiyanın Mahaşqala limanına bağlı "Ataşski Rıbak" adlı balıqçı gəmisində qeydiyyatsız 70 ton yanacaq aşkar edilib və araşdırma aparılması üçün saxlanılıb. Rejimə riayət etmədiklərinə görə, 6 qayıq və üzmə vasitəsində 15 Azərbaycan vətəndaşı saxlanılıb. Dənizdə 2300 metr balıqovlama torları, 9450 qarmaqlı balıqovlama vasitəsi aşkarlanaraq götürülüb.
Axtarışda olan 42 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. 4 halda 90 kq 652 qram narkotik vasitələr aşkar edilərək götürülüb.
Ay ərzində 36 halda ümumi dəyəri təxminən 510 min 924 manat olan qaçaqmalın sərhəddən keçirilməsinin qarşısı alınıb.