Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova /ABŞ səfirliyində hesab edirlər ki, Rusiya tərəfinin ABŞ-ın Avropada raket əleyhinə müdafiə sisteminin (RƏMS) quraşdırılmasından imtina edib əvəzində Rusiya ilə Qəbələ radiolokasiya stansiyasına (RLS) dair əməkdaşlıq etmək təklifi Amerika tərəfindən nəzərdən keçiriləcək.
Dünən Rusiya XİN-i rəsmən bəyan edib ki, RF-nin Qəbələ RLS-in istifadəsi ilə bağlı təklifinin reallaşmasının şərti ABŞ-ın Avropada RƏMS-in quraşdırılmasından və kosmosda raket əleyhinə vasitələrin yerləşdirilməsindən imtina etməsidir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin təmsilçisi Conatan Henik hesab edir ki, belə bir təklifi irəli sürməklə Rusiya İran tərəfdən gələn təhlükəni etiraf etdiyini nümayiş etdirir. "ABŞ və Rusiya Qəbələ RLS-in istifadəsi ilə bağlı bir sıra təkliflər, yeni variantlar və imkanları nəzərdən keçirirlər" - deyə cümə günü Trend ə telefonla Henik bildirib.
Azərbaycan XİN-i hesab edir ki, ABŞ və Rusiya razılığa gəldiyi təqdirdə Azərbaycan sadəcə Azərbaycan üçün sərfəli şərtlərlə RLS-dən istifadə etməyə razılıq verə bilər. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Xəzər İbrahimin verdiyi məlumata görə, danışıqlar yalnız ABŞ və Rusiya arasında aparılır, Azərbaycan tərəfi isə Qəbələ RLS-in itstifadəsi imkanları ilə bağlı danışıqlara cəlb olunacaq.
Avropada RƏMS-in quraşdırılmasından imtina imkanlarına gəldikdə isə Henik qeyd edib ki, Kondoliza Rays və ABŞ-ın digər dövlət nümayəndələri dəfələrə bəyan ediblər ki, ABŞ Avropada RƏMS-in quraşdırılması ilə bağlı planlarını davam etdirmək niyyətindədir.
"ABŞ-da hesab edirlər ki, Rusiyanın təklifi çox maraqlıdır və göstərir ki, Rusiya nəhayət ki, ABŞ-la əməkdaşlıq etməyə başlayıb" - deyə Henik bildirib. Onun sözlərinə görə, iki ölkə bu təklifi nəzərdən keçirməli və digər variant və imkanları müzakirə etməlidirlər. "Qəbələ RLS-lə bağlı danışıqlar davam edəcək" - deyə o əlavə edib.
2007-ci ilin iyun ayında "Böyük səkkizliy"in sammiti çərçivəsində Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib. Prezident Azərbaycanda RƏMS-in yerləşdirilməsinin sistemin Polşa və Çexiya ərazisində yerləşdirilməsi ilə müqayisədə daha üstün olduğunu qeyd edib. RF prezidenti qeyd edib ki, Qəbələ RLS rəqibin raketlərini vurmağa imkan verəcək. "Bu zaman raketin qalıqları Avropa şəhərlərinin ərazisinə deyil, dənizə düşəcək ki, bu o qədər də mühim deyil" - deyə prezident bildirib. Rusiya XİN-i qeyd edib ki, prezidentin bu təklifi İranın nüvə silahına malik olmasını göstərmir.
Qəbələ RLS dünyada bu növdə olan ən nəhəng stansiyadır. O, sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Radiolokasiya stansiyası 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verilib. İllik icarə haqqı 14 mln. dollar təşkil edir.