...

BAXCP sədri "Xural" qəzetinin baş redaktorunu məhkəməyə verdi

Siyasət Materials 28 Avqust 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib. Bu barədə çərşənbə axşamı Trend ə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Həsənquliyev "Xural" qəzetində çıxan bir neçə məqalədə özünün təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldıldığını iddia edir. Buna görə də o, çərşənbə axşamı Nərimanov rayon məhkəməsində "Xural" qəzetinə qarşı iddia qaldırıb.

Şikayətdə qəzetin 26 avqust tarixli sayında dərc edilmiş "Qüdrət Həsənquliyev qanmır?" sərlövhəli yazıda Həsənquliyev və Orduxanlı barəsində təhqiramis ifadələrin işlədildiyi iddia olunur. BAXCP sədri iddiasında "Xural" qəzetinin baş redaktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. İddiada maddi təzminat tələbi yoxdur.

"Əvəz Zeynallı öz yazdıqlarında həddən artıq təhqirə yol verib. Ona görə də o, layiqli cəzasını almalıdır" - deyə Orduxanlı vurğulayıb.

Məsələ ilə bağlı Trend ə şərh verən Əvəz Zeynallı isə iddia edib ki, BAXCP-nin mətbu orqanı olan "Xalq cəbhəsi" qəzetində onun barəsində təhqiramis yazılar dərc olunub. Zeynallı da həmin yazılara öz qəzetində cavab verib: "Əslində mən Qüdrət Həsənquliyevi məhkəməyə verməli idim, çünki təhqiramis yazılara onun qəzeti birinci başlayıb. "Xalq cəbhəsi" qəzetində mənim barəmdə təhqiramis yazıları Həsənquliyev sifariş verir və hətta yazıları oxuyub bir qədər də sərtləşdirir" - deyə Zeynallı bildirib.

Xəbər lenti

Xəbər lenti