...

İraq Türkmanları Cəbhəsi Azərbaycanda nümayəndəliyinin açılmasını istəyir

Siyasət Materials 4 Sentyabr 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ İraq Türkmanları Cəbhəsi Azərbaycanda nümayəndəliyinin açılmasını istəyir. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən İraq türkmanlarının simpoziumunda Türkman Ədalət Partiyasının başqanı Ənvər Xamid Bayrakdar açıqlama verib.

O bildirib ki, Azərbaycanın QHT-ləri, hüquq müdafiəçiləri, millət vəkilləri İraq türkmanlarının problemlərini diqqətdə saxlamalı, beynəlxalq təşkilatlarda bu mövzunu qaldırmalıdırlar. Bayrakdar qeyd edib ki, Böyük Osmanlı dövlətinin süqutundan sonra İraqda türkmanların sıradan çıxarılmasına, sürgün edilməsi siyasətinə başlanıldı, 1924, 1946, 1959-cu illərdə ermənilər, ingilislər tərəfindən türkmanlara qarşı qətliyam həyata keçirildi.

Həmçinin 1968-2003-cü illər ərzində İraq türkmanlarına zülm edilib, bu 35 il ərzində 20 ildən artıq həbsxanada yatan 37 məhbusun 13-ü türkman olub. Bayrakdarın sözlərinə görə, 35 il ərzində türkmanların edamı, sürgünü, uzunmüddətli həbsləri davam edib. Bayrakdar əlavə edib ki, türkmanların doğma torpaqlarından səhraya sürgün edilməsi planı isə müharibə ilə əlaqədar təxirə salınıb. "Türkmanlar dövlət orqanlarında çalışmaq, torpaq, mülk almaq üçün öz milliyyətlərindən imtina etməli, ərəb olduqlarını bildirməli idilər. 2003-cü ildə rejim devrildikdən sonra İraq ABŞ-ın işğalına düşdü, demokratik hakimiyyət qurulması, terrora son qoyulması adı altında millət aldadıldı. ABŞ-ın Orta Şərq layihəsinin əsas məqsədi bu ölkədə nefti ələ keçirmək, İraqdan sonra Suriya və İranı da işğal edib parçalamaqdır" - deyə İraq türkmanlarının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 2003 ildən, yəni ABŞ-ın müdaxiləsindən sonra İraqda 1 mln. insan həlak olub, həmçinin bahalaşma, işsizlik hökm sürür.

Xəbər lenti

Xəbər lenti