...

Azərbaycanın İrandakı səfirliyi İran vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi faktını araşdırır

Siyasət Materials 10 Sentyabr 2007 15:01 (UTC +04:00)
Azərbaycanın İrandakı səfirliyi İran vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi faktını araşdırır

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın İrandakı səfirliyi İran vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçməsi barədə faktı araşdırır. Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, belə bir göstərişi səfirliyə Azərbaycanın Xarici İşlər Nazirliyi verib.

Ermənistanın İranda fəaliyyət göstərən dini təşkilatları yalan yolu ilə erməni mənşəli İran vətəndaşlarını separatçılar tərəfindən idarə olunan ərazilərə göndərir və onları "Dağlıq Qarabağ respublikası"nın silahlı bölmələrinin sıralarında xidmət etməyə məcbur edirlər, İran KİV-nin məlumatında belə deyilir. Məlumata əsasən, bu yaxınlarda İran hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhəddə sərhədi pozan iki erməni saxlanılıb.

Hər iki şəxsin İran vətəndaşı və İsfahan sakinləri olması məlum olub. Saxlanılanlardan biri Mixek Teymuryan bildirib ki, Dağlıq Qarabağa Ermənistanın "Xalifaqari-ye Arameni" dini təşkilatının təbliğatına məruz qaldığından yollanıb.

Onun sözlərinə görə, mərkəz separatçıların ordusunda xidmət edən hər bir erməniyə Dağlıq Qarabağda torpaq sahəsi və ev, həmçinin Avropa ölkələrindən birinə getmək üçün hər cür şəraitin yaradılmasını vəd edir. Teymuryan bildirib ki, saparatçıların ordusunda 1,5 il xidmət edib, lakin vəd olunanlardan heç birini əldə etməyib.

"Problem yaxından öyrənilməlidir və yalnız bundan sonra fikir söyləmək olar" - deyə jurnalistlərə əvvəllər verdiyi məlumatda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Onun sözlərinə görə, iki ölkə arasında razılıq mövcuddur və bu razılığa əsasən, tərəflər bir-birinin zərərinə addımlar atmamalıdırlar.

Xələfov qeyd edib ki, İran tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyinə inanır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qaldırması zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olublar və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti