...

Vəkil: "Hacı Məmmədovu himayə edənlər Baş Prokurorluqda oturublar"

Cəmiyyət Materials 24 Oktyabr 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ DİN-in həbsdə olan sabiq idarə rəisinin müdafiəçisinin verdiyi vəsatəti məhkəmə təmin etməyib. Trend in məlumatına görə, çərşənbə günü Bakı Apellyasiya Məhkəməsində Baş-Cinayət- Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi dəstənin üzvlərinin apellyasiya şikayəti üzrə keçirilən prosesdə məhkəmə vəkilin vəsatətində qoyduğu məsələlərin birinci instansiya məhkəməsində qaldırıldığını, son qərar qəbul edilərkən həmin məsələlərin nəzərə alınacağını bildirib. Məhkəmə prosesin bu mərhələsində məhkəmə istintaqının aparılnmasına əsas görməyib.

Sabiq idarə rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov 21 bəndlik vəsatətində məhkəmə istintaqının aparılmasını, baş prokuror Zakir Qaralovun,onun müavini Rüstəm Usubovun, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevin, milli təhlükəsizlik nazirinin sabiq müavini Tofiq Babayevin, Baş Prokurorluğun idarə rəisi Eldar Əhmədovun şahid qismində, bəzi epizodlarla bağlı əlavə şahidlərin dindirilməsi, bəzi sənədlərin və maddi sübutların araşdırılmasını, Hacı Məmmədovun mərhum kriminalist Rövşən Əliyevlə, Zakir Nəsirovla telefon danışıqlarının məhkəməyə təqdim olunmasını məhkəmədən xahiş edib.

Bu gün keçirilən prosesdə çıxış edən vəkil, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində çıxarılan hökmün tam əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini və Nəsirova bəraət verilməsini istəyib.

Vəkil Nəsirovu Məmmədovun çoxsaylı cinayətlərinin qurbanlarından biri hesab edir. Müdafiəçi Məmmədovun işi ilə bağlı çıxarılan məhkəmə hökmünü Azərbaycanın məhkəmə tarixində ləkəli səhifə kimi qiymətləndirib: "Məhkəmənin hökmü Milli Təhlükəsizlik nazirliyi, Baş Prokurorluq və məhkəmənin Məmmədovla çox çirkin sövdələşməsinin nəticəsidir".

Vəkil çıxışında Nəsirovun ittiham olunduğu epizodların hər biri ilə bağlı sübutları və sənədləri araşdırıb.

Cinayət işinin materialları sırasında Nəsirova qarşı irəli sürülən ittihamlarla bağlı sübutlar olmadığını deyən vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə, Məmmədovun qərəzli ifadələri əsasında ittiham irəli sürülüb.

İsmayılov istintaqın qərəzli, qeyri-obyektiv aparılmasında Baş Prokurorluğu ittiham edib. "Hacı Məmmədovu himayə edənlər Baş Prokurorluqda oturublar. Hacı bütün fəaliyyəti dövründə prokurorluq tərəfindən himayə olunub. Onun cinayətlərinin səbəbini də prokurorluqda axtarmaq lazımdır",-deyə vəkil bildirib.

Proses günün ikinci yarısında, vəkilin və Nəsirovun çıxışları ilə davam etdiriləcək.

Məhkəmənin hökmündən Hacı Məmmədov və dəstənin 22 üzvü apellyasiya şikayəti verib. Qətllərdə, adam oğurluqlarında günahlandırılan dəstənin 10 üzvü məhkəmənin hökmü ilə ömürlük, digər üzvləri isə, 8 ildən 15 ilədək həbs çəzası alıblar. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün, məhkəmə səlonunda azad olunub.

Xəbər lenti

Xəbər lenti