...

DAK sözçüsü: " Dünya Azərbaycanlıları Konqresinin sədrinə qarşı ittihamlar yalnız üç nəfərin iddiasıdır"

Cəmiyyət Materials 31 Oktyabr 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) Avropa bölməsinin təşkilat rəhbərliyinin fəaliyyətinə etiraz etməsi barədə məlumat yalnız 3 nəfərin şəxsi iddiasıdır. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında DAK sədrinin sözçüsü Elza İsmayılova məlumat verib.

DAK-ın keçmiş sədri Cavad Derəxti ötən gün bildirib ki, Konqresin Avropa bölməsi indiki sədr Qulamrza Səbri Təbrizinin vəzifəsindən istefa verməsini tələb edir. Onun dediyinə görə, 7 nəfər üzvdən ibarət Avropa bölməsi DAK sədrinin Nizamnamədən kənar hərəkətlərə yol verməsinə etiraz edir və onlar DAK-ın növbədənkənar qurultayını çağıracaqlar. Derəxti bildirib ki, İdarə Heyəti də iclaslarını keçirmir.

Elza İsmayılova bildirib ki, DAK-ın iyulun 7-də keçirilən qurultayından sonra İdarə Heyətinin 5 dəfə iclası keçirilib və yetərsay olduğu üçün səlahiyyətli sayılıb. Onun sözlərinə görə, DAK-ın Avropa bölməsində təmsil olunan 7 nəfərdən yalnız üçü - keçmiş sədr Cavad Derəxti, Eldar Qaradağlı və Məmməd Azər birləşərək rəhbərliyə qarşı çıxırlar.

"Avropa bölməsinin üzvü olan Almaniyadan Fəraməz Quliyev və Norveçdən Rəhmət Nəcəfpur bu gün bizimlə əlaqə saxlayaraq bölmənin adından yayılan bəyanatı təkzib ediblər, Cavad Derəxtinin fikirlərinə şərik olmadıqlarını bildiriblər. Fransadan olan üzv Handa Bornak isə hələ münasibət bildirməyib, digər üzv isə DAK-ın sədri Qulamrza Təbrizidir. Qalan 3 nəfər bu oyunları təşkil edir və Avropa bölməsinin adından danışırlar"-deyə İsmayılova bildirib.

Onun sözlərinə görə, həmin üç nəfərin indiki sədrə qarşı çıxmasının əsas səbəbi iyulun 7-də keçirilmiş qurultayda sədr seçilə bilməmələri ilə bağlıdır.

İsmayılova bildirib ki, 3 nəfər ayrılıqda DAK-ın qurultayını keçirə bilməz və onların tədbirində heç kəs iştirak etməyəcək.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi, Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır. DAK-ın iyulun 7-də keçirilmiş qurultayında Qulmrza Təbrizi Konqresə sədr seçilmişdi.

Xəbər lenti

Xəbər lenti