...

Kassetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq sənəd hazırlanır

Cəmiyyət Materials 6 Noyabr 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Kassetli silahların istehsalı, satışı və tətbiq olunmasına moratorium qoyulmasını nəzərdə tutan beynəlxalq sənəd gələn il hazır olacaq. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin direktoru Hafiz Səfixanov çərşənbə axşamı Trend ə bildirib ki, bir aydan sonra Vyanada "Oslo Prosesi" çərçivəsində keçiriləcək bu silahların qadağan olunmasını nəzərdə tutan yeni beynəlxalq müqavilə üzrə diplomatik danışıqlar başlanacaq.

Səfixanov bildirib ki, dünyanın 75 ölkəsinin kassetli silahlar ehtiyatı var ki, bunlardan da 34 ölkə 210 tip belə silah icad edib.

14 dövlət bu silahlardan ən azı 30 ölkədə istifadə edib. Bu silah növlərinə qarşı etirazlar artıq 30 ildir ki, davam edir. Lakin Belçika hökumətinin bu silahı qadağan etməsi, Norveç hökumətinin bu silaha qarşı moratorium elan edərək yeni beynəlxaq müqavilə hazırlamağın vacibliyini bildirməsi 2006-cı ildə qlobal ictimai rəyi bu prosesə yönəldib.

"Oslo Prosesi"ni dəstəkləyən 27 ölkənin ehtiyatları var, bundan başqa 17 ölkə bu silahın istehsalçısıdır.

Səfixanov bildirib ki, bu silahın tətbiqinə və bundan zərərçəkənlərə Azərbaycanda da rast gəlinir. Dağlıq Qarabağ ərazisində 162 yerdə bu silahla çirklənmə qeydə alınmış və daha 150 ərazidə isə bu silah növünə rast gəlinəcəyi ehtimal edilir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin Norveç səfirliyinin Avrasiya Fondu vasitəsilə maliyyələşdirdiyi "Azərbaycan ərazilərində kassetli silahların monitorinqi və informasiya kampaniyasının aparılması" layihəsi çərçivəsində apardığı təhqiqatlar göstərir ki, bu silah növlərinə Dağlıq Qarabağdan kənarda da rast gəlinir və bu əsasən aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdir. Bundan başqa, bu silahın qurbanı olmuş insanlar barəsində də məlumatlar daxil olmaqdadır və hazırda bu məlumatlar yoxlanılır.

Səfixanovun sözlərinə görə, layihənin sonunda bütün bunlar barəsində geniş ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti