...

Mənə İranda təzyiq olmayıb – Nasir Ətapur

Cəmiyyət Materials 25 Fevral 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /müx. TrendLife Günel Əhmədova/

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş və bir müddət əvvəl yekun vurulan "Muğam Müsabiqəsi-2007"nin qaliblərindən olan Nasir Ətabur, haqqında şayiələrə TrendLife-da aydınlıq gətirdi. Xatırladaq ki, əslən Təbrizdən olan Ətapur müsabiqə yekunlaşandan dərhal sonra valideynlərinə baş çəkməyə getmişdi. Xanəndənin hələ də özünə məlum olmayan səbəblərdən, onun mənşəyi gündəmə gətirildi və buna siyasi don geyindirildi. Söz gəzdi ki, guya xanəndə gömrükdən keçərkən iranlılar ona təzyiq göstəriblər. Hətta guya 30 şallaqdan sonra onun vəziyyətinin ağır olduğu xəbərləri yayılmışdı. Xəbərləri təkzib edən Nasir Ətapur bildirdi ki, ona nəinki gömrük məntəqəsində, ümumiyyətlə, İranda heç kim ağır söz deyib, təzyiqlər göstərməyib :"Əslində, 20 il əvvəl İrana get-gəl qaydasında deyildi. Qardaş bacının üzünə həsrət idi. İndi ağır şərtlər aradan qaldırılıb və biz istədiyimiz vaxt qohumlarımızın yanında ola bilirik. Haqqımda gəzən söhbətlər isə, həqiqətdən kənardır. Müsabiqədən sonra Təbrizə gedəndə böyük şadyanalıqla qarşılandım. Bunu əvvəlcədən gözləmirdim. Biləsuvar sərhədini keçəndən sonra, məni Təbriz Mədəniyyət evinin rəhbərliyi və işçiləri qarşıladılar. Bayram əhvalı ilə valideyinlərimin evinə yetişidm. Həmin gündən başlayaraq, mənim şərəfimə ziyafətlər təşkil olundu. Ümumiyyətlə, özüm əvvəlcədən əhd etmişidim ki, müsabiqədən uğurla keçsəm, aşuranı Təbrizdə keçirəcəm. Aşuradan sonra Bələdiyyə rəhbərliyi və bir çox qurumların nümayəndələri mənim üçün şam ziyafəti təşkil etdilər. Muğam müsabiqəsindəki iştirakımı alqışlayan həmyerlilərim mənə çoxlu hədiyyələr təqdim ediblər".

Tələbələrin qış tətilini başa vuran Nasir Ətapur fevralın birinci ongünlüyündən Bakıya qayıtdığını söylədi. Azərbaycan Milli Konservatoriyasında xalq artisti Arif Babayevdən muğam dərsi aldığını bildirən Ətapur sənətini Azərbaycanda davam etdirməyi düşündüyünü söylədi:"Muğam sənəti Azərbaycanda yüksək inkişaf edib. İranda muğamın bu qədər bilicisi və ifaçısı yoxdur. Bu qənaətə gəlmişəm ki, peşəmi burada davam etdirim və sənətin sirlərinə yiyələnim".

Xəbər lenti

Xəbər lenti