Azərbaycan, Bakı, 04 mart /müx. TrendLife Şahin Cavadsoy/
Telekanallarda yayımlanan reklamlardan bəlli olduğu kimi, 8 mart Beynəlxalq Qadınlar Günündə paytaxt restoranlarında bir neçə xarici müğənni pərəstişkarlarını başlarına toplayacaq. Bu müğənnilər arasında qonşu dövlətlərdən - Rusiya və Türkiyədən gələcək ulduzların adı çəkilir. Əldə etdiyimiz ən son məlumata görə, 8 Mart günündə Bakıya kifayət qədər pərəstişkar ordusu olan türk müğənnisi Mahsun Kırmızıgül də gəlməli imiş. Sadəcə, tələb etdiyi qonorar təşkilatçıları çıxılmaz vəziyyətə salıb. Mahsunun istədiyi pulun miqdarı isə nə az, nə çox - düz 100 min ABŞ dolları həcmində olub. Məhz bu səbəbdən təşkilatçılar sənətçini paytaxta gətirməkdən vaz keçiblər. TrendLife-a verilən məlumatda o da bildirilir ki, qardaş ölkədə elə də populyar olmayan Kutsi adlı müğənni M.Kırmızıgülü əvəzləyib. Çünki Kutsi 25 min dollara Azərbaycan tamaşaçıları qarşısında çıxış etməyə razılıq verib.