Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlayan şəxsin fotorobotu hazırlanıb. Bu barədə Trend ə "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov məlumat verib.
Martın 13-də axşam saatlarında "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil qəzetin ofisinin yerləşdiyi "Azərbaycan" Nəşriyyatının yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb. Müxbir Klinik Tibbi Mərkəzə aparılıb və yara aldığı ürək nahiyəsindən cərrahiyyə əməliyyatı olunub. Faktla bağlı cinayət işi açılıb və hazırda işin istintaqını Bakı şəhər Baş Polis Polis İdarəsinin istintaq idarəsi aparır.
Əhmədov bildirib ki, polislər və həikmlər jurnalistin xəstəxanadan evə buraxılmasına çalışırlar, lakin yaralı özünü tam yaxşı hiss etmədiyi üçün, hələ bir neçə gün xəstəxanada qalacaq.
Əhmədovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi dünən axşam xəstə ilə görüşüb və onun geniş ifadəsini alıb. Aqil Xəlilin ifadələri əsasında onu vuran şəxsin fotorobotu hazırlanıb.
"İstintaq bundan əvvəl Aqil Xəlilin Nərimanov rayonu ərazisində döyülməsi faktını da araşdırır"-deyə Əhmədov bildirib.
Fevralın 22-də Xəlil "Zeytun Bağları"-nda ağacların kəsilməsi haqqında reportaj hazırlayarkən orada iki nəfər tərəfindən döyülmüşdü.