Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubunun çempion ola bilməməsinin səbəblərindən biri arxayınçılıq olub. "Komandamızın əsas hədəfi çempionatda ilk üç yerdən birini tutmaq idi. Çempion ola bilmədiyimizə görə günahı özümüzdə axtarmalıyıq. Arxayınlaşmaq olmazdı. Çempionluğu özümüz əldən verdik", çərşənbə axşamı Trend -un keçirdiyi sorğunun nəticələrinə dair keçirilən təqdimat mərasimində futbol mövsümünün ən yaxşı məşqçisi seçilən "Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Trend -un arayışı: Abdullayev sorğuda 48,97% faiz (5271) səslə "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadovu (46,93%, 5051) və "İnter"in ukraynalı çalışdırıcısı Valentin Xodukini (4,104%, 441) qabaqlayaraq birinci olub.
"Olimpik" klubu futbol üzrə Azərbaycan Premyer-Liqasında sonuncu tura kimi liderlik edib. Sonuncu turda "Qarabağ"la oyunda 0:1 hesabı ilə uduzan Abdullayevin komandası çempionluğu əldən verib. Azərbaycan Premyer-Liqasının qalibi "İnter", ölkə kubokunun qalibi isə "Xəzər-Lənkəran" klubu olub.
"Olimpik"in baş məşqçisi bildirib ki, UEFA kubokunda mübarizə aparmağa hazırlaşan komandada ciddi dəyişikliklər olacaq. "Dörd-beş günə "Olimpik"dən ayrılacaq futbolçuların adlarına aydınlıq gələcək. Biz UEFA kubokunda Azərbaycanı layiqli təmsil etməyə çalışacağıq" - deyə baş məşqçi əlavə edib.
Abdullayev bildirib ki, iyunun 1-də yoxlama oyununda Bosniya və Herseqovina yığma komandası ilə görüşdə 0:1 hesabı ilə uduzan Azərbaycan millisinin heyətində forma geyən "Olimpik"dən olan futbolçular elə də yaxşı təsir bağışlamayıblar.
Abdullayev əvvəllər Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsində çalışıb. O, Bakıda Azərbaycan yığmasının Serbiya millisi ilə oyunda 2:1 hesabı ilə qələbə qazanmasında böyük rol oynayıb. Abdullayev "Şəfa" və "Bakı" kimi klublarla Azərbaycan kubokunu qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]