Azərbaycan, Bakı, 10 iyun / TrendLife müx. Günel Əhmədova
Xalq artisti Akif İslamzadə 21 illik fasilədən sonra yenidən sənət meydanına atılır. Müğənninin vaxtilə ifasında lentə yazılan mahnılardan biri maraqlı ekran görüntüləri ilə tamaşaçıların yaddaşını təzələyəcək. Müğənninin TrendLife-a verdiyi məlumatına görə, klip çəkdirmək ideyası həm klipin rejissorluğunu üzərinə götürən Emin Mirabdullayevə və eyni zamanda mahnını yenidən oranjeman edən Cəmil Əmirova məxsusdur.
Akif müəllimin sözlərinə görə, klip sözləri Nizami Gəncəviyə, musiqisi Üzeyir Hacıbəyova məxsus olan "Sevgili canan" romansına çəkiləcək. Hazırda ssenarisi yazılan klipin çəkilişlərinin tarixi dəqiqləşdirilməyib. 21 ildən sonra müğənni kimi kamera qarşısına çıxmağa hazırlaşan Akif İslamzadə bəzi tərəddüdlər edir:
"Məlumdur ki, klip çəkilişlərində müğənninin canlı ifasına ehtiyac duyulmur. Fonaqramanın sədaları altında ağzını hərəkətə gətirir. Buna baxmayaraq mən fonaqrama oxumaq fikrində deyiləm. Rejissora da təklif etmişəm ki, məni fonda yalnız aktyor oyunuma görə çəksin. Çünki səs imkanlarımın vəziyyəti hamıya məlumdur və insanları yalançı oxumaqla aldatmaq istəmirəm. Yəqin ki, görüntülərdə mənimlə yanaşı, bir sıra aktyor oyununa da yer verilər".