Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanınn insan hüquqları üzrə Müvəkili (Ombudsman) Elmira Süleymanova Ermənistan Miqrasiya Xidmətinin Azərbaycana qarşı 5 milyon dollarlıq iddia qaldırmasını əsassız hesab edir. "Azərbaycanda yaşayan ermənilər Azərbaycanı tərk edən zaman əsas əmlaklarını özləri ilə aparıblar. Azərbaycanda qalan daşınmaz əmlaklarını, evlərini satıb gediblər" - şənbə günü Azərbaycanın şimalında yerləşən Quba rayonunda jurnalistlərə Azərbaycan Ombudsmanı Elmira Süleymanova bildirib.
Trend -un arayışı: Ermənistannın Miqrasiya Xidməti bəyan edib ki, ermənilər Azərbaycanı tərk edən zaman əmlaklarının əsas hissəsini itiriblər. Miqrasiya Xidməti iddia edir ki, vaxtilə Azərbaycanda yaşamış ermənilərə 5 milyon dollar məbləğində ziyan dəyib və bununla bağlı Azərbaycana qarşı Beynəlxalq Məhkəmədə iddia qaldırmağa planlaşdırırlar.
Süleymanova bəyan edib ki, rəsmi məlumatlara görə, Ermənistanının Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Azərbaycana 60 milyard dollar ziyan dəyib.
"Bu təcavüz nəticəsində təkcə azərbaycanlılar etnik təmizləməyə məruz qalmayıblar, eyni zamanda, Azərbaycanın ətraf mühitinə və təbiətinə də böyük ziyan vurulub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəyən ziyan müqayisəyə gəlməzdir"- Ombudsman əlavə edib.
Trend -un arayışı: 1988-1989-cu illərdə 1 mln.-a yaxın azərbaycanlı Ermənistanda etnik təmizlənməyə məruz qalıb.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]