Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol mütəxəssisləri Almaniyadan dəvət olunan məşqçilərin Azərbaycan futbolunda ciddi dəyişklik edə biləcəklərinə inanmırlar.
"Almaniyalı məşqçilərin nəsə edəcəyinə inanmıram. Bizə tanınmış xarici məşqçilərdən çox, futbol meydançaları, bazalar, stadionlar lazımdır. Şərait yoxdursa, futbolun inkişafından söhbət gedə bilməz" - bazar ertəsi Trend -a "Şöhrət" ordenli məşqçi Ağasəlim Mircavadov deyib.
Azərbaycanın əsas yığma komandasına, gənclərdən və yeniyetmlərdən ibarət komandalara Almaniyadan olan məşqçilər rəhbərlik edir. Bakının "Neftçi" klubunun baş məşqçisi də Almaniyadandır.
Mircavadov bildirib ki, azərbaycanlı məşqçilərə xaricilərdən daha az güvənilməsi xeyir verməyəcək.
"İndiyə kimi işləmək üçün Azərbaycana çoxlu sayda xarici məşqçi dəvət olunub. Amma onların hansısa ciddi uğuru olmayıb. Onlarla müqayisədə, yerli məşqçilərin daha çox uğurları olub", - deyə "Xəzər-Lənkəran" klubunun keçmiş baş məşqçisi əlavə edib.
Azərbaycanın gənclərdən ibarət yığma komandasının (U-21) keçmiş baş məşqçisi Şakir Qəribov isə, inkişafa nail olmaq üçün 10 il vaxt lazım olduğunu bildirib.
"Futbolda ciddi dəyişiklik etmək üçün bizə azı 10 il vaxt lazımdır. Azərbaycanlı məşqçilər yerli futbolçuları almanlardan daha yaxşı tanıyırlar. Buna görə də futbolumuzda Almaniya sisteminin tətbiq olunmasının bizə xeyir verəcəyinə inanmıram".
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Almaniya Futbol Federasiyası arasında indiyədək bəzi müqavilələr imzalanıb.
Ötən mövsümdə Azərbaycan Premyer -Liqasının həlledici oyunlarını idarə etmək üçün Almaniyadan hakimlər dəvət olunurdu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]