Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts hesab edir ki, yığmadakı futbolçuların təcrübələri istənilən səviyyədə deyil.
"Məşq prosesində futbolçular özlərini çox yaxşı göstərirlər. Meydana çıxanda isə çox vaxt oyunları alınmır. Futbolçuların psixoloji vəziyyəti yaxşıdır. Amma təcrübə baxımından bəzi problemlərimiz var", çərşənbə axşamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına müsahibəsində Foqts deyib.
Azərbaycan yığması oktyabrın 11-də, DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Finlandiya ilə görüşərək 0:1 hesabı ilə məğlub olub.
Baş məşqçi bildirib ki, Azərbaycan yığması Finlandiya ilə oyunun ilk yarım saatında "qorxaq futbol" nümayiş etdirib.
"Biz ilk yarım saat ərzində qorxaq futbol oynadıq. Sonrakı dəqiqələrdə isə komandamız yaxşı oyun nümayiş etdirdi. Futbolçularımızın fiziki hazırlığının yüksək olması sona qədər özünü göstərdi", - deyə Foqts əlavə edib.
Azərbaycan yığması sabah səfərdə Bəhreyn millisi ilə yoldaşlıq oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20.15-də başlayacaq.
Foqts Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə bu ilin aprel ayında təyin olunub. Onun rəhbrəliyi altında Azərbaycan yığması DÇ-2010-nun seçmə mərhələsində üç oyun keçirərək, iki dəfə məğlub olub, bir oyunda isə heç-heçə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]