...

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş 4400 nəfərdən çox şəxsin ailəsi qohumlarından xəbərsizdir - BQXK

Cəmiyyət Materials 13 Fevral 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş 4400 nəfərdən çox şəxsin ailəsi qohumlarının başına nə gəldiyini bilmirlər. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin cümə günü yaydığı məlumatda bildirilir.

BQXK bildirir ki, itkin düşmüş şəxslərin qohumlarının onlar barədə məlumat almaq hüquqları var və hakimiyyət orqanları onları lazımi məlumatla təmin etməlidir.

Keçən il Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) hakimiyyət orqanlarına bu sahədəki öhdəlikləri yerinə yetirməkdə yardım göstərmək üçün proqram işləyib hazırlayıb.

Bu proqramın bir hissəsi olan və 2008-ci ildə BQXK və Azərbaycan Hökuməti arasında və BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında bağlanmış çərçivə sazişlərinə əsasən, itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanması üzrə ikinci treninq seminarı keçirilib.

Bərdədə keçirilən ikihəftəlik seminarda bu məsələ üzrə ailələrlə necə ünsiyyət qurmağı öyrədən könüllülər və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin axtarış xidmətinin əməkdaşları iştirak ediblər.

Yeni treninq keçmiş könüllülər Ağdam, Ağcabədi, Bərdə, Beyləgan, Füzuli, Tərtər, Yevlax, Gəncə, Goygöl, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Mingəçevir və Goranboyda ailələrlə görüşəcəklər.

Proqramın həyata kerçirilməsinə başlandığı vaxtdan bəri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri Bakı, Sumqayıt və Abşeron rayonlarında yaşayan ailələrdən 800-dən çox ətraflı məlumat sorğusu toplayıblar.

BQXK 1992-ci ildən etibarən hakimiyyət orqanlarının beynəlxalq humanitar hüquqla nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməsi üçün onlarla əməkdaşlıq edir və itkin düşmüş şəxslərin ailələrinin öz əzizlərinin taleyi barədə məlumat almaq hüququnu dəstəkləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti