...

Azərbaycan gimnastları Brnodakı Qran-Pri və Latviyadakı turnirdə IV-V yerləri tutublar

Cəmiyyət Materials 16 Mart 2009 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend /

Azərbaycan gimnastı Anna Qurbanova Qran-Pri seriyasının Brnoda keçirilən ikinci mərhələsində iki dördüncü yer tutub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, ip və topla finallarda çıxış edərkən idmançımız hakimlərdən müvafiq olaraq 25.55 və 25.2 bal alaraq IV yerləri tutub. Digər iki finalda - halqa və lentlə təmsilçimiz Qran-Prinin səkkiz ən güclü iştirakçısı arasında sonuncu olub.

Çoxnövçülüyün yekununa əsasən isə, Qurbanova 98.3 bal toplamaqla VII yeri tutub.

Qalibə gəlincə, Pekin Olimpiadasının da qalibi olmuş rusiyalı Yevgeniya Kanayeva üç finalda birinci olaraq ümumi hesabda da ilk pilləyə sahib çıxıb.

Mərkəzi Avropadakı turnirlə paralel olaraq, qitənin şimal-şərq hissəsində - Riqada Baltic Hoop beynəlxalq yarışları keçirilib. Burada həmyerlimiz Samirə Mustafayeva da iştirak edib.

Təsnifat mərhələsinin yekunlarına əsasən müxtəlif cisimlərlə çıxış etmək imkanı əldə edən gimnastımız ip və topla finala çıxmağı bacarıb. Həm birinci (23.467), həm də ikinci (23.2) çalışmada Mustafayeva turnir cədvəlinin V pilləsində yer alıb.

Beynəlxalq kateqoriyalı Nurlana Əli-zadənin sözlərinə görə, "bizim gimnast çox layiqli mübarizə aparıb və III pilləni tutan idmançıya cəmi 0,2 bal uduzub".

Gimnastlarımız müxtəlif turnirlərdə iştirak edərək ilin əsas yarışına - Bakıdakı Avropa çempionatına hazırlaşırlar. Yarışın başlamasına iki ay qalmış isə qarşıdakı Avro-2009-un iştirakçı ölkələrinin sayı və dəqiq cədvəli məlum olub.

Yarışın birinci günü, mayın 15-də, fərdi gimnastların yarışı və çempionatın açılış mərasimi keçiriləcək. Növbəti gün fərdi-gimnastlar ümumi komanda hesabında yarışlarını başa çatdıracaq. Həmçinin həmin gün yeniyetmələrin qrup kollektivlərinin təsnifatı keçiriləcək. Mayın 17-də beş final baş tutacaq: dördü fərdi gimnastlarda (ip, halqa, top, lent) və biri qruplarda (5 lent). Avropa çempionatı qitənin ən yaxşı gimnastlarının çıxış edəcəyi Qala ilə bitəcək.

Ümumilikdə 25-ci yubiley Avropa çempionatında Bakıya 32 ölkədən 200 gimnast gələcək. Onlardan 31 ölkənin gimnastları fərdi turnirdə, "köhnə" dünyanın 17 ölkəsi isə yeniyetmələrin qrup sekstetlərinin yarışında iştirak edəcək. Bakıdakı Avro-2009 yeni Olimpiya tsiklində ilk ən vacib yarış olacaq. Avropanın ən yaxşı gimnastlarının yarışı Heydər Əliyev adına idman-konsert kompleksinin arenasında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti