...

Azərbaycan Regional Futbol Federasiyalarının rəhbərliyi Gədəbəydə olub

Cəmiyyət Materials 27 Aprel 2009 17:09 (UTC +04:00)
Azərbaycan Regional Futbol Federasiyalarının rəhbərliyi Gədəbəydə olub

Azərbaycan, Bаkı, 27 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Regional Futbol Federasiyalarının rəhbərliyi futbolun inkişaf etdirilməsi məqsədi ilə Gədəbəy (paytaxt Bakıdan 400 kilometr qərbdə) rayonuna gedib.

"Regional Futbol Federasiyalarının (PFF) prezidenti İsgəndər Cavadov, vitse-prezidenti Maşallah Əhmədov və qurumun baş mütəxəssisi Füzuli Nəcəfov 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramı çərçivəsində rayonda heç bir təşəbbüs göstərilməməsinə təəssüfləniblər", - bazar ertəsi Trend -a RFF-dən bildirilib.

RFF rəhbərliyi ilə görüşündə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə bundan sonra rayonda futbolun inkişafına diqqət ayrılacağına, hətta peşəkar klub yaradılacağına söz verib.

"Gədəbəy Yerli Uşaq Gənclər İdman Məktəbinin müəllimləri Müşfiq Məmmədov, Zaur Abdullayev, rayon idman ictimaiyyətinin nümayəndəsi Mehdi Hüseynov Gədəbəy futbolunun potensialından söz açaraq, vaxtilə bir çox yeniyetmənin müxtəlif yaş qrupları üzrə milli komandalara cəlb olunduğunu və hazırda premyer-liqa klublarında bir neçə gədəbəylinin çıxış etdiyini vurğulayıblar", - məlumatda qeyd edilir.

RFF prezidenti deyib ki, böyük futbolun inkişafı uşaq futbolunun səviyyəsindən asılıdır. "Gədəbəydə peşəkar klub yaradılmalıdır ki, rayonun adı futbol xəritəsinə düşsün və uşaq futbolu da yaxından izlənilsin", - məlumatda əlavə olunur.

Cavadov bundan sonra uşaq futbol turnirlərində Gədəbəy komandalarının fəal iştirak edəcəyini və RFF tərəfindən lazım olan dəstəyin veriləcəyini söyləyib. 

Tədbirin sonunda qonaqlar AFFA-nın göndərdiyi topları və geyim dəstlərini uşaqlara bağışlayıb. "Gədəbəydə mütləq futbol olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev və AFFA-nın prezidenti Rövnəq Abdullayev futbolumuzun inkişafı üçün əllərindən gələni əsirgəmir və biz də bu etimadı doğrultmalıyıq. Söz verirəm ki, bundan sonra Gədəbəyə tez-tez gələcəyik. Gədəbəydə futbol olacaq və buradakı uşaqlar gələcəkdə ölkəmizin məşhur futbolçularına çevriləcək", - RFF prezidenti bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti