Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /
Azərbaycanda gənc fotoqraflar arasında Avropa Şurasının "Avropa: Ümumi İrs" və "Mənim doğma vətənim" mövzusunda fotomüsabiqə elan edilib.
Cümə günü start verilən fotomüsabiqə Azərbaycanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin, mənəvi-əxlaqi dəyərlərinin Avropa mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunması, yeniyetmə və gənclərdə vətənə məhəbbət hisslərinin aşılanmasıdır. Bu barədə Gənclər və İdman Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
Məlumata əsasən, müsabiqədə 14-21 yaşlı gənclər iştirak edə bilərlər. Gənclər may ayının 1-dən 11-dək Təşkilat Komitəsinə 20 x 30 sm ölçüdə olan, Azərbaycanın mədəni irsini, tarixi abidələrini, milli mənəvi dəyərlərini əks etdirən rəngli və ya ağ-qara fotoşəkillər (çap və CD formatda) təqdim etməlidirlər. Fotoşəkillərə müəllif barədə məlumat əlavə edilməlidir.
Müsabiqədə qalib gəlmiş fotoşəkillər İspaniyanın Barselona şəhərinə göndəriləcək. Bu şəkillər Avropa Şurası tərəfindən nəşr edilən xüsusi kataloqda da dərc ediləcək. Müsabiqə qalibləri Avropa Şurasının xüsusi şəhadətnamələri ilə təltif olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]