Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir C.Babayeva /
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri hesab edir ki, Gürcüstan azərbaycanlıları problemlərinin həllinə nail olmaq üçün ölkənin üzv olduğu beynəlxalq qurumlara müraciət etməlidirlər.
"Konqres Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində xaçların basdırılması barədə məlumatlıdır. Təşkilat rəhbərliyi həmin kəndlərdə olub və bu məsələ ilə bağlı müəyyən qurumlara müraciət edib. Amma onlar ilk növbədə öz problemlərinin həllini ölkə prezidenti və hökumətindən tələb etməlidirlər. Onlar həmçinin Avropa İnsan Haqları Məhkəməsi və Gürcüstanın üzv olduğu beynəlxalq qurumlara da müraciət edə bilərlər", - bazar ertəsi Trend -a DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Trend -un arayışı: Bu ilin əvvəlində Trend -un araşdırması nəticəsində Gürcüstanın Kvemo-Kartli (Borçalı) vilayətindəki Bolnisi rayonunun, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Qoçulu və Kəpənəkçi kəndlərində Gürcüstan Patriarxatının yerli idarəsinin 7-10 metr hündürlüyündə xaçlarının ucaldıldığı məlum olub.
Gürcüstan Patriarxatı yanında Dinlərarası Münasibətlər Mərkəzinin rəhbəri Lela Cecelava öncə Trend -a bildirmişdi ki, Gürcüstanın Patriarx-Katolikosu II İlya yerli əhalinin narahatlığından xəbər tutan kimi, öz əməkdaşlarını müsəlman əhalinin yaşadığı yerlərdə xaçların ucaldılması məsələsinə ehtiyatla yanaşmağa çağırıb.
"Gürcüstanda hər yerdə xaç ucaltmaq ənənəsi mövcuddur. Yerli yeparxiya Bolnisi kəndlərində xaçları ucaldarkən yerli azərbaycanlı əhalisini incitmək fikrində olmayıb. Axı xaç yalnız xristianlıq deyil, həm də inam və məhəbbət simvoludur", - Cecelava demişdi.
Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərovun ötən həftə Trend -a bildirdiyinə görə, kəndlərdə xaçların sayı artırılır və bununla bağlı ciddi narahatlıqlar yaranıb.
Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli (Borçalı) vilayətində təxminən 500 min azərbaycanlı yaşayır.
Rütəmxanlının sözlərinə görə, Gürcüstan azərbaycanlılarının problemlərinin həll olunması onların öz iradələrindən asılıdır. "Onlar xaçların bir-ikisini çıxarıb atmalı, dəyişdirilmiş kənd adlarını da ayaq altına salmalıdırlar. Azərbaycan güclü dövlət olsa da, qonşu dövlətin daxili işlərinə qarışa bilməz", - o deyib.
DAK həmsədri hesab edir ki, Gürcüstan azərbaycanlıları öz doğma dillərinə bölgə dili statusu tələb etməlidirlər. "Gürcüstanın müəyyən bölgəsində yaşayan azərbaycanlılar ana dilində təhsil alırlar. Onların yazışmaları da doğma dillərində ola bilər", - Rüstəmxanlı deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]