...

Azərbaycan idmançılarının İrəvanda ikiqat təhlükəsizlik tədbirlərinə zəmanət verilib – nazir

Cəmiyyət Materials 4 Sentyabr 2009 16:34 (UTC +04:00)
Azərbaycan cüdoçuları Ermənistan paytaxtı İrəvanda 9-14 sentyabrda keçiriləcək Avropa çempionatı zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə təmin ediləcəklər.
Azərbaycan idmançılarının İrəvanda ikiqat təhlükəsizlik tədbirlərinə zəmanət verilib – nazir

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycan cüdoçuları Ermənistan paytaxtı İrəvanda 9-14 sentyabrda keçiriləcək Avropa çempionatı zamanı ikiqat təhlükəsizlik tədbirləri ilə təmin ediləcəklər.

"Azərbaycanlı idmançıların təhlükəsizliyini Ermənistanın Təhlükəsizlik Xidməti təşkil edəcək. İdmançılar bütün rahatlıqla oteldə yerləşdiriləcəklər. Bu oteldə Türkiyə və İsrail komanfaları da yerləşdiriləcəklər. İsrail komandasının təhlükəsizliyi İsrail tərəfindən də təmin ediləcək. İdmançılarımız ikiqat təhlükəsizlikdə olacaqlar", - cümə günü mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Azərbaycan idmançılarının təhlükəsizliyinin təşkil edilməsi barədə razılaşma Azərbaycan Gənclər və İdman Nazirliyi rəhbərliyinin İrəvana səfəri zamanı Azərbaycan və Ermənistanın gənclər və idman nazirləri - Azad Rəhimovla Armen Qriqoryan, hər iki ölkənin cüdo federasiyasının prezidentləri Füzuli Ələkbərov və Aleksan Avetisyan, eləcə də Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi icraiyyə komitəsinin üzvləri arasında imzalanıb.

Müqavilədə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi və məşqlərin keçirilməsi üçün şəraitin yaradılması nəzərdə tutulub. Sənəddə Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və himnin səsləndirilməsi qeyd olunub. Çempionatın bütün iştirakçıları himni ayaq üstdə dinləməlidirlər. Ermənistan həmçinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakını təmin etməli və internetə sərbəst giriş verməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti