PremiumGürcüstanın azərbaycanlılar yaşayan kəndlərində xaçların artırılması dayandırılıb

Cəmiyyət Materials 14 Sentyabr 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva /

Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində xristianlıq simvolu olan xaçların artırılması dayandırılıb.

"Xaçların artırılması dayandırılıb və bir dənə də olsun yeni xaç basdırılmır. Birdən-birə xaçların kütləvi sürətdə götürülməsi gözlənilmir. Bunun üçün zamana ehtiyacın olduğu bildirilib", - bazar ertəsi Trend -a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.

Trend -un arayışı: Bu ilin əvvəlində Trend -un araşdırması nəticəsində Gürcüstanın Kvemo-Kartli (Borçalı) vilayətindəki Bolnisi rayonunun, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Qoçulu və Kəpənəkçi kəndlərində Gürcüstan Patriarxatının yerli idarəsinin 7-10 metr hündürlüyündə xaçlarının ucaldıldığı məlum olub.

Gürcüstan Patriarxatı yanında Dinlərarası Münasibətlər Mərkəzinin rəhbəri Lela Cecelava öncə Trend -a bildirmişdi ki, Gürcüstanın Patriarx-Katolikosu II İlya yerli əhalinin narahatlığından xəbər tutan kimi, öz əməkdaşlarını müsəlman əhalinin yaşadığı yerlərdə xaçların ucaldılması məsələsinə ehtiyatla yanaşmağa çağırıb.

"Gürcüstanda hər yerdə xaç ucaltmaq ənənəsi mövcuddur. Yerli yeparxiya Bolnisi kəndlərində xaçları ucaldarkən yerli azərbaycanlı əhalisini incitmək fikrində olmayıb. Axı xaç yalnız xristianlıq deyil, həm də inam və məhəbbət simvoludur", - Cecelava demişdi.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən Kvemo-Kartli (Borçalı) vilayətində təxminən 500 min azərbaycanlı yaşayır.

Əsgərovun sözlərinə görə, Gürcüstan tərəfi xaçların qırılması, düşməsi yolu ilə ləğv olunmasının tərəfdarıdır. "Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə xaçların açıq-aşkar surətdə yığışdırılmasının əleyhinədirlər", - hərəkat rəhbəri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti