Azərbaycan, Bakı, 3 noyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycan ilə Koreya rasında dövlət qulluğu sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Koreyanın Dövlət İdarəçiliyi və Təhlükəsizliyi Nazirliyinin dəvəti ilə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub.
Səfərin məqsədi Koreya Respublikasının dövlət idarəçiliyi və dövlət qulluğu sistemi ilə tanış olmaq, iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub.
Səfər çərçivəsində Koreyanın Dövlət İdarəçiliyi və Təhlükəsizliyi nazirinin birinci müavini cənab Cunq Chanq Sub ilə görüşdə hər iki ölkədə dövlət qulluğunun inkişaf tarixi, aparılan islahatların mahiyyəti, dövlət qulluğunun təşkili və idarə olunması, dövlət qulluğunun normativ-hüquqi bazası, dövlət qulluğuna qəbul və digər məsələlər müzakirə olunub.
Görüş zamanı hər iki ölkə arasında dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib.
Nümayəndə heyəti Koreyanın Dövlət Qulluqçularının Mərkəzi Təlim İnstitutunda olub.
İnstitutun prezidenti ilə keçirilən görüşdə Təlim İnstitutunun təlim və təhsil proqramları haqqında nümayəndə heyətinə məlumat verilib. İnstitutda Rusiya, Yaponiya, İndoneziya və digər ölkələrin yüksək vəzifəli dövlət qulluqçuları təlim keçirlər. Koreya tərəfi Azərbaycanın dövlət qulluqçularının da bu İnstitutda təlim keçməsində maraqlı olduğunu qeyd edib və tərəflər arasında bu barədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar Koreya hakimiyyəti təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb və əldə olunan uğurlar yüksək qiymətləndirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]